Şərqi Antarktidada Eymeri şelf buzlağından son 50 il ərzində ən böyük aysberq ayrılıb.
Bu barədə BBC xəbər verir.
D28 aysberqi sahəsinə görə (1,6 min kvadrat kilometr) yalnız Şotlandiyanın Skay adasından geri qalır.
Təqribən 201 metr qalınlıqda olan bu aysberqi indi diqqətlə izləyəcəklər. Çünki belə nəhəng buz massivi okeanda üzən gəmilərə potensial təhlükə ola bilər.
Eymeri buzlağından sonuncu dəfə belə böyüklükdə aysberq 1960-cı illərdə qopmuşdu. Düzdür həmin aysberq də nəhəng idi – sahəsi 9 min kvadrat kilometrə bərabər idi.
Eymeri Antarktikada böyüklüyünə görə üçüncü buz şelfidir. Onun sahəsi 40 min kvadrat kilometrə yaxındır.
“Bu, uzun müşahidə illərindən sonra maraqlı hadisədir. Biz bilirdik ki, nəticədə bu, baş verəcək. Lakin biz nə qədər ayıq-sayıq olsaq da, bu hadisə bizim təxmin etdiyimiz yerdə baş vermədi”, – deyə ABŞ-ın Skripps Elmi-Tədqiqat İnstitutundan olan professor Helen Friker BBC-yə bildirib.
Alimlərin fikrincə, aysberq bir qədər şərqə, “Laxlayan diş” adlı şelfin yerləşdiyi tərəfə qopmalı idi. Alimlərin hesablamalarına görə, “Laxlayan diş” 2010-2015-ci illər arasında olan dövrdə ayrılmalı idi. Lakin o, əvvəlki kimi yerində durub. Helen Friker qeyd edib ki, buzlaqdan qopan aysberqin əmələ gəlməsinin qlobal istiləşmə ilə heç bir əlaqəsi yoxdur.
1990-cı ildən aparılan peyk çəkilişləri göstərir ki, Eymeri şelf buzlağı yay aylarında səthinin fəal şəkildə əriməsinə baxmayaraq, taraz vəziyyətdə qalmaqdadır.
“Antarktidada bir çox hadisələr təşviş doğurur, lakin konkret olaraq, bu şelf üçün həyəcanlanmağa əsas yoxdur”, – deyə professor Friker vurğulayıb.
D28 aysberqi hesablamalara görə 210 metr qalınlığa və təqribən 315 milyard ton ağırlığa bərabərdir.
Lakin o, A68 aysberqi ilə müqayisədə o qədər də böyük deyil. Antarktikanın əks tərəfində yerləşən Larsen buzlağından 2017-ci ildə aralanan aysberqin hazırda sahəsi D28-ə nisbətən üç dəfədən də böyükdür.
Külək və axın D28 aysberqini qərbə aparacaq. Bu aysberqin hissələrə parçalanması və tamamilə əriməsi üçün bir neçə il tələb olunur.