Şirkət ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) qeydiyyat bəyanatının layihəsini məxfi şəkildə təqdim etdiyini açıqlayıb. Təklif olunacaq səhmlərin sayı və yerləşdirmə qiyməti hələ müəyyən edilməyib.
“Axios”un qeyd etdiyi kimi, bu addım “Anthropic”ə potensial investorlar qarşısında məlumatları açıqlamazdan əvvəl tənzimləyici qurumlardan rəy almağa imkan verəcək. Startapın özü isə bildirib ki, IPO bazar şəraitindən və digər amillərdən asılı olacaq.
“Anthropic”in birjaya çıxmağı planlaşdırdığı barədə daha əvvəl Bloomberg də yazmışdı. Agentliyin mənbələrinin sözlərinə görə, bu, 2026-cı ilin oktyabrında baş verə bilər. Şirkət 2026-cı ilin may ayının sonunda 965 milyard dollar dəyərləndirmə ilə 65 milyard dollar investisiya cəlb etdiyini açıqlamışdı.
“Axios” qeyd edir ki, yaxın vaxtlarda ABŞ birjalarında dəyəri təxminən 1 trilyon dollar olan üç şirkət IPO keçirə bilər. Nəşrin proqnozuna görə, ilk olaraq 2026-cı ilin iyununda SpaceX birjaya çıxacaq. Ardınca isə “Anthropic” və ya “OpenAI” gələcək. WSJ-nin mənbələrinin bildirdiyinə görə, “OpenAI”nin IPO-su sentyabr ayında baş tutmalıdır.
“Anthropic” 2021-ci ildə “OpenAI”nin tədqiqatlar üzrə keçmiş vitse-prezidenti Dario Amodei tərəfindən, startapı tərk etmiş digər əməkdaşlarla birlikdə yaradılıb. Şirkətin məhsulları arasında “Claude” çat-botu və proqramçılar üçün nəzərdə tutulmuş “Claude Code” aləti var. WSJ yazır ki, “Anthropic” 2026-cı ilin ikinci rübünün yekunlarına əsasən 10,9 milyard dollar gəlir və 559 milyon dollar əməliyyat mənfəəti əldə etməyi gözləyir. Bu, startapın tarixində ilk əməliyyat mənfəəti olacaq.






