“Apple” 2027-ci ilədək beş yeni iPhone modelini təqdim edəcək

“Nikkei” qəzetinin sənaye mənbələrinə istinadən yaydığı məlumata görə, “Apple” 2026-cı ildə beş yeni iPhone modelini təqdim etməyi planlaşdırır.

Bildirilir ki, yeni modellərin təqdimatı bu ilin ikinci yarısında və 2027-ci ilin birinci yarısında baş tutacaq. Şirkət eyni zamanda qatlanan cihazların çeşidini və bazar payını artırmağı hədəfləyir. “Nikkei”nin məlumatına görə, “Apple” tədarükçülərinə bu il təxminən 10 milyon ədəd qatlanan iPhone istehsal etmələrinin lazım olacağını bildirib. Bu göstərici əvvəlki gözləntilərdən 2–3 milyon ədəd çoxdur.

Ümumilikdə, “Apple” 2026-cı ildə hələ təqdim olunmamış modellər də daxil olmaqla 220 milyon iPhone istehsal etməyi planlaşdırır.

Bundan əlavə, “Bloomberg” mənbələrə istinadən xəbər verir ki, 2027-ci ildə yenilənmiş iPad Pro modelləri və yenidən dizayn edilmiş baza versiyalı MacBook Pro təqdim olunacaq.

Agentliyin məlumatına görə, “Apple” 2027-ci ilin yazında təqdim olunması planlaşdırılan dörd yeni iPad Pro modelini sınaqdan keçirir. Ekran ölçüləri 11 və 13 düym olaraq qalacaq, əsas dəyişikliklər isə yeni prosessorlar hesabına məhsuldarlığın artırılması ilə bağlı olacaq.

K104 kod adı altında hazırlanan yenilənmiş MacBook Pro modelinin 2027-ci ilin birinci yarısında təqdim olunacağı gözlənilir. Model 14 düymlük ekran və gələcəkdə sensor ekranlı noutbukların ortaya çıxması ehtimalı nəzərə alınaraq hazırlanmış yeni dizayn əldə edəcək.

Mənbələrin məlumatına görə, şirkət həmçinin 2027-ci ilin birinci yarısında təqdim oluna biləcək yeni Apple M7 prosessorunu hazırlayır.

“Bloomberg” qeyd edir ki, “Apple” süni intellekt tapşırıqlarına uyğunlaşdırılmış yeni çiplərə keçidi sürətləndirsə də, yaddaş və yarımkeçirici çatışmazlığı ilə üzləşir. Bu isə tədarük zəncirinə təsir göstərir və cihazların təqdimat qrafikində dəyişikliklərə səbəb ola bilər.

Bundan əvvəl Hindistanın “Tata Electronics” şirkətinin daxili sənədlərinin kütləvi sızması nəticəsində gələn ilin sentyabrında təqdim edilməsi planlaşdırılan iPhone 18 Pro modeli ilə bağlı məlumatlar darkneta düşüb.

Sızdırılan sənədlərdə iPhone 18 Pro-nun komponentləri və onların tədarükçüləri, o cümlədən əsas çap lövhəsindəki mikrosxemlər, batareya və kamera hissələri barədə məlumatlar yer alıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər