2 C
Baku
Saturday, December 14, 2024

Aqrar Universitetin rektoru: 400-dən çox bal toplayaraq universitetimizi seçən tələbələrə əlavə təqaüd veriləcək

Bu il kənd təsərrüfatı yönümlü ixtisasları seçən, 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olan abituriyentlərə 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov deyib.

Son illərdə dövlətimizin başçısı tərəfindən ölkə iqtisadiyyatının şaxələndirilməsinə, onun neft və qaz amilindən asılılığının azaldılmasına, başlıca olaraq qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının ənənəvi və qeyri-ənənəvi sahələrinin inkişafına göstərilən diqqət və qayğını qeyd edən İbrahim Cəfərov vurğulayıb ki, həyata keçirilmiş tədbirlər bu sahənin bilikli, bacarıqlı və yüksəkkeyfiyyətli ali təhsilli kadrlarla təmin edilməsi üçün Aqrar Universitetin qarşısına böyük vəzifələr qoyub.

Rektor deyib: “Aqrar sektorun ali təhsilli kadrlara olan ehtiyacını təmin etmək üçün bu universitetə göstərilən hərtərəfli dövlət dəstəyi Azərbaycan Dövlət Aqrar Universitetini hazırda nəinki respublikamızın, eləcə də Qafqaz regionunun, MDB və Şərqi Avropa ölkələrinin bu profil üzrə fəaliyyət göstərən ən mükəmməl elm-təhsil komplekslərindən birinə çevirib. Universitetin əsas binası, aqrar iqtisadiyyat, aqrotexnologiya fakültələri və İnnovasiya Mərkəzinin yerləşdiyi binalar tarixi tikililərdə fəaliyyət göstərdiyindən həmin binalar restavrasiya edilib. Mühəndislik, aqronomluq, baytarlıq təbabəti və zoomühəndislik fakültələrinin yerləşdiyi binalar isə əsaslı şəkildə yenidən qurulub. Həmin tədris korpuslarında kənd təsərrüfatının bütün sahələrinə aid müasir laboratoriya, tədqiqat mərkəzləri qurulub, auditoriya və sinif otaqları yaradılıb. Laboratoriyalar müasir avadanlıq və cihazlarla təchiz edilib. Tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da artırılması üçün universitetdə müasir heyvandarlıq və istixana kompleksi, atçılıq, quşçuluq, arıçılıq mərkəzləri, bildirçin və balıqyetişdirmə təsərrüfatları, bitki və heyvan klinikaları yaradılıb. Universitetin müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları – traktor, kombayn və digər qoşqu vasitələri ilə təchiz edilmiş müasir maşın parkı tələbələrin istifadəsinə verilib.

İbrahim Cəfərov bu il Aqrar Universitetin tələbəsi olacaq gəncləri gözləyən yeniliklərdən də danışıb. “Artıq 2018-2019-cu tədris ili üçün abituriyentlərin müvafiq universitetlərə seçimi başlayıb. Bu, gənclərin bundan sonrakı həyatlarını tamamilə dəyişəcək bir dövrdür. Ona görə də həm valideynlər, həm də gənclər ixtisas seçimində daha məsuliyyətli olmalıdırlar. Valideynlər öz övladlarını əmək bazarının tələbinə uyğun ixtisaslara istiqamətləndirməlidirlər. Gənclər də həm əmək bazarında ehtiyac olan ixtisasları seçməli, həm də ailələrinin büdcəsini nəzərə almalıdırlar. Bəzən valideynlər övladlarını elə bir ixtisaslara istiqamətləndirirlər ki, bu gün ölkədə həmin kadrlara ehtiyac yoxdur. Gənclər meqapolis həvəsi ilə Bakı şəhərindəki universitetlərdə daha yüksək ödənişli ixtisasları seçirlər. Həmin tələbələr 4 il, bəzən də 6 il ağır həyat şəraiti ilə vaxtilə səhv olaraq seçdikləri ixtisaslarda təhsil alırlar. Ən pis hal isə budur ki, həmin tələbələrin çoxu universiteti bitirdikdən sonra ya özlərinə münasib iş tapa bilmirlər, ya da çox aşağı əməkhaqqı ilə işləməyə məcbur olurlar. Bəzən bu cür tələbələrin çoxu sonda ixtisası üzrə deyil, digər bir sahədə işləmək məcburiyyətində qalır” – deyə professor İbrahim Cəfərov qeyd edib.

Aqrar Universitetin rektorunun bu il tələbə adını qazanmaq istəyən gənclərə tövsiyəsi də var: “Qoy valideynlər və abituriyentlər nəzərə alsınlar ki, bu gün respublika əhalisinin yarıya qədəri rayon və kəndlərdə yaşayır. İndi aqrar sektorun inkişafına böyük dövlət dəstəyi var. Bu sahədə fəaliyyət göstərən fermerlər və sahibkarlar öz təsərrüfatlarında işləyən ali təhsilli kadrlara 1500-2000 manat, bəzən də daha yüksək əməkhaqqı təklif edirlər. Elə bu il Aqrar Universiteti bitirən bir çox məzun da həmin təsərrüfatlarda işlə təmin edilib. Əgər abituriyentlər Aqrar Universiteti seçsələr, çox uğurlu seçim etmiş olarlar. Çünki bu ildən başlayaraq Aqrar Universitetdə bu ali təhsil müəssisəsini seçən gənclər üçün hərtərəfli şəraitlə yanaşı, geniş stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Əgər 400-dən yuxarı bal toplayan abituriyentlər Aqrar Universitetin müvafiq ixtisasını seçsələr, onlar ilboyu universitetin büdcədənkənar vəsaiti hesabına 100 manat təqaüd alacaqlar. Həmin məbləğ 500-dən yüksək bal toplayan tələbələr üçün isə 2 dəfə daha çox, yəni 200 manat təşkil edəcək. Bununla yanaşı, tələbələr əla qiymətlərlə oxuduqları halda dövlət təqaüdü almaq şanslarını da özlərində saxlayırlar. Bu o deməkdir ki, Aqrar Universiteti seçən tələbə təhsil aldığı 4 il müddətində əgər əla qiymətlərlə oxuyarsa, ödənişdən azad olmaqla yanaşı, hər ay 200-300 manat, bəzən də daha çox təqaüd ala bilər”.

“Universitetimizi seçən tələbələrin digər bir üstünlüyü isə ondan ibarətdir ki, bu universitetdə təhsil alan və rayonlardan olan tələbələr üçün ən müasir tələblərə cavab verən 1000-dən artıq yeri olan yataqxana kompleksi fəaliyyət göstərir”, – deyən İ.Cəfərov qeyd edib ki, bu yataqxana kompleksində qalmaq çox ucuz, ayda cəmi 30 manatdır. Tələbənin yaşaması üçün hər bir şəraitin yaradıldığı həmin yataqxana kompleksi özündə 4 ulduzlu otelin bütün elementlərini birləşdirir. Belə ki, kompleks kompüterlə, sürətli internetlə, wi-fi ilə təmin edilib. Burada müasir kitabxana, oxu zalı, diş həkimi, terapevt, qadın və kişi bərbəri, 100 nəfərlik kafe, mağaza, fitnes klub, camaşırxana və sair pulsuz olaraq fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər