6 C
Baku
Sunday, December 15, 2024

“Aqrarkredit”in bəzi müəssisələri və balansında olan obyektlər özəlləşdirməyə çıxarılıb

Prezident İlham Əliyev “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlətin idarəetməsində olan müəssisələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması və özəl investisiyalar hesabına canlandırılması məqsədilə qərara alıram:

1. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) aşağıdakı müəssisələri və balansında olan obyektlər (bundan sonra – müəssisə və obyektlər) özəlləşdirilməyə açıq elan edilsin:

1.1. bu Sərəncamın əlavəsində göstərilən hüquqi şəxslər;

1.2. siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “Aqrarkredit” QSC ilə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə).

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin:

2.1. özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir;

2.2. özəlləşdirilməsində yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. “Aqrarkredit” QSC ilə təhvil-təslim işlərini başa çatdırdıqdan sonra müəssisə və obyektlərin idarə edilməsini və əmlakının qorunub saxlanılmasını təmin etsin;

4.2. müəssisə və obyektlərin özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirsin;

4.3. özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin etsin, habelə borclarının restrukturizasiyasına və ya silinməsinə (dondurulmasına) dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.4. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. “Aqrarkredit” QSC:

5.1. bu Sərəncamın 1-ci hissəsi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilməsini və təhvil-təslim işlərinin aparılmasını üç ay müddətində təmin etsin;

5.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

6.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən müəssisə və obyektlərin balans dəyəri məbləğində “Aqrarkredit” QSC-nin onun qarşısında olan öhdəliyinə xitam versin;

6.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər