10 C
Baku
Thursday, December 12, 2024

Aqroparkda 13 min ton şəkər çuğundurunun tədarükü proqnozlaşdırılır

Azərbaycanda aqroparkda 161,5 hektar ərazini əhatə edən şəkər çuğunduru sahəsinin hər hektarından orta hesabla 80 sentner məhsul yığılması gözlənilir. Ümumilikdə, 12920 ton şəkər çuğundurunun tədarükü proqnozlaşdırılır.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) və “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bildirilib.

O da əlavə olunub ki, bu il ölkəmizdə ilk dəfə olaraq MMC-nin Ceyrançöl aqroparkında şəkər çuğundurunun yığılmasında “Ropa Maus” texnikasından istifadə edilməsinə başlanılıb. Bu texnikanın tətbiqi sayəsində məhsulun yığım sürəti 2 dəfə artıb. “Ropa Maus” texnikası saatda təxminən 400 tona yaxın məhsul yığmaq gücünə malikdir.

Almaniya istehsalı olan “Mzuri” texnikası ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında təkrar qarğıdalı və soya əkini zamanı istifadə edilib. “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.

Qeyd edək ki, aqroparkın ümumi əkinə yararlı 4000 ha sahəsinin 1500 hektarında müasir suvarma (pivot) sistemləri qurulub. Bu il aqroparkda 166,2 ha arpa, 130,6 ha buğda, 156,6 ha qarğıdalı, 114,9 ha soya, 161,5 ha şəkər çuğunduru əkilib. Arpa üzrə orta məhsuldarlıq 5,14 ton/ha, buğda üzrə 5,9 ton/ha, qarğıdalı üzrə 9 ton/ha, soya üzrə isə 2,5 ton/ha təşkil edib. Ümumilikdə, Ceyrançöl təsərrüfatından bu il 854,3 ton arpa, 770,5 ton buğda, 1409 ton qarğıdalı yığılıb.

 

Son xəbərlər
Digər xəbərlər