Daxil olan məlumat əsasında Agentlik müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində yerləşən spirtli içkilərin istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı sexin gizli fəaliyyət göstərdiyi və kustar üsulla, standartlara cavab verməyən saxta spirtli içkilər hazırlandığı məlum olub. Araşdırma zamanı Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənovun sexdə araq, viski, tekila və sair saxta spirtli içkilər hazırlayaraq Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında satışını təşkil etdikləri müəyyən edilib. Baxış zamanı xeyli sayda saxta spirtli içki, ancaq istehsalatda istifadəsi nəzərdə tutulan, insan sağlamlığına ciddi ziyan vura bilən texniki spirt, qablaşdırma üçün nəzərdə tutulmuş yerli və xarici aksiz markalar, etiketlər, boş şüşə qablar və sair köməkçi vəsaitlər, eləcə də hazır məhsulların qablaşdırılmasında və aksiz markalarında uyğunsuzluqlar aşkarlanıb. Spirtli içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər yoxlamaya təqdim olunmayıb.
Müayinələrin aparılması məqsədilə spirtli içkilərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Ekspertizaların nəticələrinə əsasən, spirtli içkilərin istehlaka tam yararsız və insan sağlamlığı üçün təhlükəli olduğu müəyyən olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra davam etdirəcək, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.