2 C
Baku
Saturday, December 14, 2024

ARAŞDIRMA: Azərbaycanın xanım bankirlər nə qədərdir?

Azərbaycan iqtisadiyyatının digər sektorlarında olduğu kimi, bank sektorunda da qadınlar olduqca aktivdir. Düzdür, onların sayı kişi bankirlərin sayı qədər çox olmasa da, bir sıra banklarda xanımlar menecmentdə təmsil olunurlar. Agentlik bu sektorda yüksək vəzifəyə (Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsi) sahib olan xanımları oxuculara təqdim edib.

Bank sektorundan söz düşübsə, ilk olaraq tənzimləyicidən başlamaq daha doğru olar. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədrinin müavini Nigar Məmmədovadır. N.Məmmədova Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini və ABŞ-da Brandeys universitetinin maliyyə üzrə magistr pilləsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Mərkəzi Bankında (AMB) başlayan N.Məmmədova müxtəlif vəzifələrdə çalışıb və Bazar əməliyyatları departamentinin direktoru vəzifəsinədək yüksəlib.

Maraqlıdır ki, N.Məmmədova MBNP-nin rəhbərliyində təmsil olunan yeganə xanımdır. Palatanın Direktorlar Şurasının sədri və digər müavini, habelə baş icraçı direktor və 6 departament direktorudur kişidir.

N.Məmmədovanın sabiq iş yeri olan Mərkəzi Bankda isə patriarxat hökm sürür. AMB-nin İdarə Heyətinin 5 üzvü, o cümlədən 4 baş direktoru əks cinsin nümayəndələridir.

Buna baxmayaraq, departament rəhbərləri arasında kifayət qədər xanıma rast gəlmək olar. Belə ki, Ülkər Babayeva İqtisadi maarifləndirmə xidmətinin rəhbəri, Gülnarə Daşdəmirova Təhlükəsizlik departamentinin direktoru, Sevda Əmirova Maliyyə idarəetməsi departamentinin direktoru, Leyla Hüseynova İnsan resursları departamentinin direktoru, Kəmalə Qurbanova Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru, Rəna Məlikova Hüquq departamentinin direktoru, Leyla Nəbiyeva Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktorudur.

Qeyd edək ki, AMB-də 23 departament mövcuddur.

Kommersiya banklarına gəldikdə, “AccessBank” QSC-nin Müşahidə Şurasının 1 üzvü zərif cinsin nümayəndəsidir. Söhbət Yeva Vittdən gedir. Xanım Vitt 2011-ci ilin sentyabrından etibarən bankın Müşahidə Şurasının üzvüdür. Qeyd edək ki, Y.Vitt 1995-ci ildə bankın əsas səhmdarlarından biri olan “KfW” təşkilatında çalışmağa başlayıb, 2010-cu ildən isə “KfW”-nin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktorudur. Xanım Vitt beş istiqamətdə: maliyyə sektoru, energetika, şəhərin inkişafı, ətraf mühit və səhiyyə sahələrində dövlət strategiyasının hazırlanması üzrə məsul şəxsdir. O, həmçinin Qafqaz Təbiət Fondunun Direktorlar Şurasının sədridir. Bundan əvvəl isə “AccessHolding”in İdarə Heyətinin üzvü olub. Qeyd edək ki, xanım Vitt milliyyətcə almandır.

“AFB Bank” ASC-nin rəhbərliyində təmsil olunan xanımların sayı kifayət qədərdir. Söhbət bankın Audit Komitəsinin sədri Şadiyyə Amanova və İdarə Heyətinin iki üzvü – Aynur ŞirinovaLalə Quliyevadan gedir.

“AGBank” ASC-nin rəhbərliyində isə cəmi 1 xanım təmsil olunub. Bankın İdarə Heyətinin üzvü, Maliyyə menecmenti departamentin direktoru Səkinə Xələfovadır. Müşahidə Şurası və Audit Komitəsi sərf kişilərdən ibarətdir.

Analoji sözləri “Amrahbank” ASC haqqında da demək olar. Bankın rəhbərliyində cəmi bir xanım var ki, o da İdarə Heyətinin üzvüdür. Söhbət Leyla Məmmədbəylidən gedir. O 2004-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” ixtisası üzrə bakalavr və magistr dərəcələrini alıb. Leyla xanım 2010-cu ildən “Amrahbank”da Maliyyə Departamentinin direktoru kimi fəaliyyətə başlayıb. Hal-hazırda bankda maliyyə, beynəlxalq münasibətlər sahələrinə nəzarət edir.

“Azərbaycan Sənaye Bankı” ASC-yə isə zərif cinsi nümayəndəsi rəhbərlik edir. Zeynab Konyar 2010-cu ildən bankın Müşahidə Şurasının sədridir. Xanım Konyar 23.08.1976-cı il tarixdə anadan olub. Bir çox maliyyə idarələrində fəaliyyət strategiyalarının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak edib. “Anadolu İnvestment” MMC-nin təsisçisidir. Maraqlıdır ki, Zeynab xanımdan başqa rəhbərlikdə xanım yoxdur.

“Azər-Türk Bank” ASC-nin rəhbərliyində də yalnız 1 xanım təmsil olunub. Bu, İdarə Heyətinin üzvü Rumiyə Məmmədovadır.

2012-ci ildən “Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü olan İrina Şmidt hazırda bankın rəhbərliyində təmsil olunan yeganə xanımdır.

“Bank Silk Way” ASC-nin rəhbərliyində isə bir xanım var ki, o da Audit Komitəsinin üzvü Marina Mordovskayadır.

“Caspian Development Bank” ASC-yə (“CDB Bank”) də zərif cinsin nümayəndəsi rəhbərlik edir. Bankın Müşahidə Şurasının sədri Fərəh Məmmədovadır. Yeri gəlmişkən, Fərəh xanım bankın rəhbərliyində təmsil olunan yeganə qadındır.

Samirə Şirəliyeva da gənc xanım bankirlərdəndir. O, 1983-cü ildə anadan olub. 2005-ci ildən bank sistemində işləyən S.Şirəliyeva 2013-cü ildə “DəmirBank” ASC-nin Əməliyyat departamentinin direktoru təyin edilib. 2016-cı ildən İdarə Heyətinin üzvü, baş direktordur.

“Günay Bank” ASC-nin rəhbərliyində isə 3 xanım təmsil olunub. Belə ki, bankın Audit Komitəsinin sədri Esmira Mehdiyevadır. Bununla yanaşı, Leyla Nağıyeva Müşahidə Şurasının üzvü, Fəridə Ağayeva isə İdarə Heyəti sədrinin müavinidir.

Ölkənin ən iri banklarından biri olan “Kapital Bank” ASC-nin rəhbərliyində isə 1 xanım var ki, o da Müşahidə Şurasının üzvü Afaq Mustafayevadır.

Azərbaycanın ən uzunömürlü xanım bankirlərindən biri isə “Muğanbank” ASC-nin İdarə Heyətinin üzvü Qalina Sidnevadır.

Azərbaycanın yeganə əyalət bankın olan “NaxçıvanBank” ASC-nin rəhbərliyində isə 2 zərif cinsin nümayəndəsi var. Bunlar Müşahidə Şurasının üzvü Xuraman Mircavadova və İdarə Heyətinin üzvü Nahidə Əliyevadır.

Ölkənin ən gənc xanım bankirlərindən biri də “NBC Bank” ASC-nin İdarə Heyətinin üzvü Ofeliya Həmidovadır. 1984-cü ildə anadan olmuş Ofeliya xanım 2013-cü ildən bankın rəhbərliyindədir. O inzibati idarəetmə departamentini kurasiya edir.

“Nikoil Bank” QSC-yə də xanım rəhbərlik edir. Belə ki, bankın Müşahidə Şurasının sədri Marina Kulişovadır.

“PAŞA Bank” ASC-də də xanım bankirlərin sayı kifayət qədərdir. Onlardan biri Müşahidə Şurasının, ikisi isə İdarə Heyətinin üzvüdür. Kəmalə Nuriyeva 2013-cü ildən etibarən Müşahidə Şurasının üzvlüyünə seçilib. Şirin ƏliyevaXəyalə Nağıyeva isə 2015-ci ildən etibarən bankın İdarə Heyətinin üzvüdürlər.

“Turanbank” ASC-nin rəhbərliyində isə 1 xanım yer alıb ki, o da İdarə Heyətinin üzvü Kəmalə Mustafayevadır.

“Unibank” ASC-də də cəmi bir xanım rəhbərlikdə təmsil olunub. Söhbət Audit Komitəsinin üzvü Səbinə Tağıyevadan gedir.

“Yapı Kredi Bank Azərbaycan” QSC-nin rəhbərliyində isə 4 xanım var. Bunlar Müşahidə Şurasının üzvü Nazan Somer Özelgin və İdarə Heyətinin iki üzvü – Xalidə Həsənova, Şəhla Səmədovadır. Bununla yanaşı, Nurgün Eyüboğlu Audit Komitəsinin sədridir.

Türkiyənin dövlət bankı olan “Ziraat Bank”ın Azərbaycandakı törəməsi “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasında da iki xanım var. Bunlar Müşahidə Şurası sədrinin müavini Bilgehan Kuru və Şuranın üzvü Ayçe Şule Gürleyikdir.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən 8 bankın rəhbərliyində xanım yoxdur. Söhbət “AtaBank” ASC, “Bank Avrasiya” ASC, “Bank of Baku” ASC, “ABB”, “Bank BTB” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Rabitəbank” ASC-dən gedir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər