“Azərbaycanın vergi və gömrük orqanlarında həyata keçirilən islahatlar 100 milyonlarla manat əlavə vəsaitin dövlət büdcəsinə daxil olmasına gətiririb çıxarıb”.
Bunu millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, neft bumu dövründə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) ildə 20 milyard dollar vəsait daxil olub: “Gələn il isə bu vəsait 7 milyard dollar ətrafında olacaq. Buna görə də Fonddan büdcə üçün götürülən vəsaitin indiki səviyyədə saxlanılmasını vacib hesab etmirəm. Çünki, gələn il ARDNF-dən götürülən vəsait onun gəlirlərinin 92%-ni təşkil edəcək. Bu, həddən artıq böyük rəqəmdir. Fonddan büdcəyə transfertlərin azaldılması istiqamətində addımlar atılmalıdır”.
Ə.Məsimli bildirib ki, regionları bu prosesə cəlb etməklə, onların potensialından istifadə etmək lazımdır: “Məsələn, Şəkidə sənaye məhəlləsi qurmaqla onlarla yeni struktur yaranacaq. Bununla da 600 min əhalisi olan Şəki-Zaqatala zonasını iqtisadi fəallığını artırmaq olar. Bu, həyat səviyyəsinin yüksəlməsinə şərait yaradacaq”.