Argentina prezidenti Xavyer Miley iqtisadiyyatın dövlət tənzimlənməsinin azaldılmasına yönəlmiş 366 islahat nəzərdə tutan fərman imzalayıb. Cənab Miley dekabrın 20-də Argentina televiziyasında fərmanın imzalandığını elan edib. O aydınlaşdırıb ki, islahatlar “ölkəni məhv edən repressiv institusional hüquqi bazanı” dəyişdirməyə yönəlib.
Jurnalistlərə açıqlama verən prezident sərəncama daxil edilmiş 366 islahatdan yalnız 30-nu sadalayıb. Xüsusilə, cənab Miley dövlət şirkətlərinin özəlləşdirilməsinə mane olan tənzimləmələri aradan qaldırmaq istəyir. Prezidentin təklif etdiyi islahatlar, xüsusən də iqtisadiyyatın turizm və avtomobil sektoruna, futbol klublarının tənzimlənməsinə, torpaq hüququna təsir edəcək. Bundan əlavə, cənab Miley ərzaq mağazalarında satınalma və rəqabət qanunlarının ləğvini təklif edir.
Bundan əvvəl Argentinanın iqtisadiyyat naziri Luis Kaputo prezident Mileyin radikal iqtisadi islahatları çərçivəsində milli valyutanın – pesonun iki dəfədən çox devalvasiyaya uğradığını və dövlət xərclərinin kəskin şəkildə azaldılmasını bildirib.