Növbəti ilin dövlət büdcəsindən “ASAN xidmət”in fəaliyyətinin təşkili və onun əhatə dairəsinin genişləndirilməsi üçün 28 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu da cari illə müqayisədə 15 faiz çoxdur.
Banker.az bildirir ki, bu sözləri maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin Milli Məclisin komitələrinin birgə iclasında müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, dövlət büdcəsi layihəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və həmin məhkəmənin qərarlarının ölkədaxili icrası ilə bağlı xərclər üçün də müvafiq vəsaitlər nəzərdə tutulub. Məhkəmə prosesləri ilə bağlı aztəminatlı şəxslərə cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, məhkəmə qərarlarının icrası və digər sosial-iqtisadi tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər üçün də 15 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Həmçinin insan hüquqları üzrə müvəkkilin maliyyə təminatı üçün dövlət büdcəsindən 2,3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub, bu da cari illə müqayisədə 18,7 faiz çoxdur.