Azərbaycanda dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 2026-cı ilin yanvar-iyun aylarında 6.4 milyon ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% azdır.
Banker.az xəbər verir ki, yük əməliyyatlarının əsas hissəsi tranzitin payına düşüb. Tranzit yüklərin həcmi 5.42 milyon ton olmaqla ümumi yük dövriyyəsinin təxminən 85%-ni təşkil edib və illik 2,4% azalıb.
İdxal yüklərinin həcmi 41,4% azalaraq 595,2 min tona düşüb, ixrac yükləri isə 48,6% artaraq 239,6 min tona çatıb. Kabotaj yüklərində də kəskin artım qeydə alınıb və bu kateqoriya 146,3 min ton təşkil edib.
Eyni zamanda, limanlarda işlənmiş gəmilərin, yəni yük gətirmək, yük aparmaq və digər liman əməliyyatları üçün daxil olub orada xidmət alan gəmilərin sayı 36,3% azalaraq 1 899 ədədə düşüb. Limanlarda yüklərin qalığı isə 68,2% azalaraq 88,5 min tona enib.
Bu arada, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatına görə, Bakı Limanında 2026-cı ilin yanvar-iyun aylarında 61 min TEU-ya (20 futluq konteyner ekvivalenti) yaxın konteyner aşırılıb ki, bu, illik 15% artımdır. Limanda ümumi yük aşırılması da 4 milyon tondan çox olub və 4%-dən artıq artıb. Yanvar-may aylarında quru yük aşırılması isə 77% artaraq 950,2 min tona çatıb. Artım əsasən Türkmənistandan tranzit daşınan kükürd və karbamid, eləcə də Qazaxıstandan gətirilən mis, sink və digər əlvan metallar hesabına idi.






