Aprelin 14-də Asiya İnkişaf Bankı xəzinədarlığının nümayəndə heyəti manat istiqrazlarının buraxılışı və yerləşdirilməsi mexanizmini müzakirə etmək üçün Azərbaycana səfər edəcək.
Maliyyə bazarındakı mənbəyə istinadən, bu istiqamətdə atılacaq addımlarla bağlı müzakirələr bu ayın 15-də aparılacaq.
“Azərbaycanın hökümət dairələrində manat istiqrazlarının buraxılışı ilə bağlı razılıq var”, – mənbə qeyd edib.
Sözügedən istiqrazlar özəl sektor üçün sərmayə qoyuluşunu dəstəkləyəcək alternativ maliyyə mənbəyi kimi çıxış edəcək. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə ADB nümayəndələri arasında keçirilən bir sıra görüşlərdə kiçik və orta biznesin inkişaf fondlarının və biznes klasterlərinin əməkdaşlıq imkanları müzakirə olunaraq özəl sektorun inkişafı sahəsində ADB ilə əməkdaşlığın zərurəti vurğulanıb, əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
“Report”un məlumatına görə, biznes üçün maliyyə əldə etmək imkanlarını asanlaşdırmaq üçün ADB Bakı ofisinə özəl sektorla əməliyyatların inkişafı sahəsində təcrübəli mütəxəssis göndəriləcək. İndiyədək bu məsələnin müzakirəsi üçün Azərbaycana ADB qərargahından, yaxud Gürcüstan ofisindən missiyalar səfər edirdilər.
Report