“Assist Finance İnvestisiya Şirkəti” ASC 2026-cı ilin birinci yarısını 32 702 manat xalis zərər ilə yekunlaşdırıb. Halbuki, ötən ilin müvafiq dövründə investisiya şirkəti 418 738 manat xalis mənfəət əldə etmişdi.
Banker.az bu barədə ASC-nin 2026-cı ilin ilk yarısına (30 iyun 2026-cı il tarixinə) olan maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin gəlirlərində kəskin azalma müşahidə olunub. Belə ki, “Assist Finance”in cəmi investisiya xidmətləri üzrə gəlirləri illik müqayisədə 2.5 dəfə və ya 508 min manat azalaraq 848.2 min manatdan 340.2 min manata düşüb. Gəlirlərin əsas hissəsini təşkil edən müştəri sifarişlərinin qəbulundan əldə olunan gəlirlər 402.6 min manatdan 176.5 min manata (56.2% azalma) geriləyib.
Hesabat dövründə şirkətin royalti, haqq və komissiya xərcləri 228.7 min manatdan 135.1 min manata, inzibati xərcləri 38.2 min manatdan 56.2 min manata yüksəlib.
Bu ilin yanvar-iyun aylarında “Assist Finance İnvestisiya Şirkəti”nin cəmi aktivləri 1 milyon 722 min manatdan 2 milyon 68 min manata çatıb.
Xatırladaq ki, “Assist Finance İnvestisiya Şirkəti” 2018-ci ildən fəaliyyət göstərən “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. Bu maliyyə qurumunu “Bank BTB” ASC yaradıb, sonradan onu investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb. Bundan bir qədər sonra o, direktor vəzifəsindən gedib və maliyyə qurumuna rəhbərliyi indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib. Onun nizamnamə kapitalı 400 min manatdır.
Qeyd edək ki, “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin 100% payçısı Cəfərov Ruslan Nazim oğludur.






