6 C
Baku
Saturday, December 14, 2024

Assosiasiya: Yumurtanın qiyməti bahalaşmayıb

Son günlər bir sıra satış şəbəkələrində süfrə yumurtasının qiymətində artım edildiyinə dair məlumatlar yayılır. Bunu Rusiyaya süfrə yumurtasının ixracının başlanmasından sonra guya Azərbaycanda yumurta çatışmazlığının yaranması ilə əsaslandırmağa çalışırlar. 

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından Banker.az-a verilən məlumata görə, nəinki son günlərdə, hətta son aylarda Birlikdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib. Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da 1 yumurta üçün 14.5 qəpik deməkdir. Bu qiymət hətta ötən ilin eyni dövründəkindən 1 qəpik ucuzdur.

Bu gün Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı 5 milyon ədədə yaxın, gündəlik tələbat isə 3.6 milyon ətrafındadır. İxraca yalnız və yalnız tələbatdan artıq olan yumurta göndərilir. 

Satış şəbəkələrinə müraciət olunur ki, onlara satış qiymətində hər hansı dəyişiklik edilmədiyi halda qiyməti artırıb, cəmiyyəti narahat edən yalan əsaslandırmalarla əhali arasında ajiotaj yaratmasınlar.

Azərbaycan dövləti bütün kənd təsərrüfatı istehsalçılarına olduğu kimi quş əti və yumurta istehsalçılarına da bir sıra mühüm dəstək mexanizmləri tətbiq edir. İndiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər hansı iqtisadi əsas yoxdur. 

 

 

Son xəbərlər
Digər xəbərlər