®14 sentyabr 2025-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Türk Dünyası Sığorta Birliyinin Birinci Assambleyası keçirilib. Tədbir çərçivəsində türk dövlətlərinin sığortaçıları bir araya gələrək mühüm sənəd – “Proklamasiya sənədi”ni imzalayıblar.
İmzalanan sənədə əsasən, Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə uyğun şəkildə yenidən formalaşdırılıb. Yenilənmiş tərkibdə Birliyə 5 təsisçi üzv ölkə ilə yanaşı, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının sığorta assosiasiyaları müşahidəçi qismində daxil olublar.
Yeni mərhələdə Birliyin əsas məqsədi üzv və müşahidəçi ölkələrin sığorta bazarları arasında qarşılıqlı təcrübə, kadr və məlumat mübadiləsini təşkil etmək, əməkdaşlıq imkanlarını genişləndirmək və Türk dünyasında sığorta sektorunun inkişafına töhfə verməkdir.
Tədbirdə Azərbaycanın sığorta sektorunu təmsil edən nümayəndələr də iştirak ediblər. Onların sırasında “Atəşgah” Sığorta Şirkətinin rəhbər şəxsləri də yer alıblar.