2014-cü ildən mülkiyyəti təsdiq edən sənədlə (çıxarış) Sumqayıt şəhərində adıma olan fərdi yaşayış evində ailəmlə birlikdə yaşayıram. Atam təqaüdçüdür və 3-cü qrup əlilliyi var. Belə olan halda, mənə əmlak vergisindən güzəşt şamil edilirmi? Əks halda, nə qədər əmlak və torpaq vergisi ödəməliyəm?
Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, Vergi Məcəlləsində əlilliyi olan şəxslər üçün müəyyən güzəştlər nəzərdə tutulub. Məcəllənin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslər xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərinə və ya onların hissələrinə görə əmlak vergisi ödəyicisi hesab edilirlər.
Xidmətdən bildirilib ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.
Qeyd olunub ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan və Bakı şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.
Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə, yaxud digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır. Həmçinin, Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləğinin 10 manat azaldılması ilə bağlı güzəşt müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə şamil edilir.
Vergi Məcəlləsinin 208.2-ci maddəsinə əsasən, həmin vergini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına təqdim edirlər. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq çatdırılır.
Sorğuya cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin güzəştlər mükliyyətçi olan şəxslərə tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 102-ci, 197-ci, 198-ci, 208-ci maddələri