Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortasını həyata keçirəcək sığortaçını müəyyən edib. Bu barədə fonddan məlumat verilib.
““AtaSığorta” şirkəti ARDNF-in əməkdalarının könüllü tibbi sığortası üzrə sığortaçı seçilib. Dekabrın 23-də şirkətlə sığorta xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanıb”, – deyə məlumatda bildirilir.
“AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir. Şirkətin ödənilmiş nizamnamə kapitalı 10 mln. manata bərabərdir. “AtaHolding” şirkətin yeganə səhmdarıdır
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.