Sərnişinlər uçuşdan ən azı 4 saat əvvəl aerovağzal kompleksinə gəlməlidirlər.
Bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.
Qaydalara əsasən, aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir. Aviaşirkətlərin qaydalarına əsasən, müəyyən edilən yalnız şəxsi istifadə əşyalarının (noutbuk, portfel, qadın çantası və s.) daşınması mümkündür.
Həmçinin, əhali sıxlığının qarşısının alınması məqsədilə qarşılayan və yola salan şəxslərin terminala girişi qadağandır.
Sərnişinlər Azərbaycan Respublikasının hava limanlarında tətbiq edilən xüsusi qayda, prosedur, məhdudiyyət və göstərişlər barədə uçuşu icra edən aviadaşıyıcı tərəfindən əvvəlcədən xəbərdar edilməlidir.
Bu Qaydaların tələblərini pozan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi barədə məlumat verilir.