İqtisadçı ekspert Vüqar Bayramov Avronun məzənnəsinin aşağı düşməsi və bunun Azərbaycana edəcəyi təsirlər ilə bağlı şərh verib.
O bu barədə facebook hesabında yazıb. Ekspert qeyd edib ki, Avro ABŞ dollarına nisbətən yeni məzənnə itkisinə imza atıb: ”Qədim qitənin valyutası 2012-ci ilin avqustundan bəri ən aşağı məzənnə ilə təklif edilir. Artıq avro almaq istəyənlərin sadəcə 1.22 dollar ödəmələri kifayət edir.
Avronun dollara nisbətən məzənnəsinin aşağı düşməsi ABŞ-ın Avropaya jesti kimi qiymətləndirilir. ABŞ Avropanın sağlamlığında daha çox maraqlıdır və məzənnə siyasəti ilə köhnə qitənin ixracını stimullaşdırmaqla iqtisadi inkişafı dəstəkləməyə çalışır. Dolların məzənnəsini yüksəlməsinə baxmayaraq, ABŞ ixracatı böyük həcmdə qalmaqdadır. Təbii ki, dolların məzənnəsinin süni şəkildə yüksəldilməsi ABŞ üçün risklər formalaşdırır: amerika şirkətlərinin öz mal və xidmətlərini satmaqda çətinliklər yaradır. Bu eyni zamanda daxili bazarda inflyasiyanın aşağı düşməsinə səbəb olub. Amma Amerika Avropadakı mütəffiqlərinə dəstəyi davam etdirmək niyyətindədir.
Digər tərəfdən, avrozonada yerləşən ölkələrin bir qismi ixracatla bağlı proqnozlarına əməl edə bilmədilər. İspaniya, Portuqaliya və Yunanıstan kimi ölkələr hələ də tənəzzül dövründən çıxa bilmirlər. Bu isə nəticə etibarilə avronun məzənnəsinin manata nisbətən aşağı düşməsinə gətirib çıxarıb”.
Onun sözlərinə görə, Avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana da təsirsiz ötüşməyəcək:”Nəzərə almaq lazımdır ki, Avropa Birliyi Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 60 faizə yaxını məhz Avropa Birliyi ölkələrinin payına düşür. Avronun məzənnəsinin aşağı düşməsi Avropada istehsal olunan məhsulların maya dəyərini azalmasına gətirıb çıxarır. Çünki Avrozonada istehsal olunan məhsulların dollar ifadəsində dəyərinin azalması müşahidə edilir ki, bu da təbii ki, onların dünya bazarında rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır. Bu isə Avrozonadan Azərbaycana gətirilən məhsulların həcminin artmasına gətirıb çıxaracaq. Ona görə ki, Avropada istehsal olunan məhsullar daha ucuz olacaq və onlar digər ölkələrdə rəqabət aparmaq imkanı qazanacaqlar.
Artıq Azərbaycan daxilində Avropada istehsal olunan məhsulların bir qisminin qiymət azalması müşahidə olunur. Bu proses texnologiya və avtomobillərdə təxminən 5 faiz qiymət azalmasına səbəb olub. Çünki baş verən proses həmin məhsulların həm dollar, həm də manat ifadəsində dəyərinin azalması ilə nəticələnib. Avronun məzənnəsinin aşağı düşməsi həmçinin Azərbaycan iş adamlarının Avropa Birliyinə ixrac imkanlarını müəyyən qədər məhdudlaşdırır. Bu proses Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının Avropa Birliyində daha baha olmasına gətirib çıxarır. Nəzərə alsaq ki, Azərbaycan Avropa Birliyinə daha çox neft məhsulları ixrac edir, bu baxımdan Azərbaycanın Avropa Birliyinə ümumi məhsul ixracına təsir göstərməyəcək. Onun bildirdiyinə görə, avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana makro təsir etməkdədir. Belə ki, Azərbaycanın dövlət ehtiyatlarının təxminən 30 faizi məhz avro ilə saxlanır. Baş verən proses həmin ehtiyatların nisbətən azalmasına səbəb olur. Amma nəzərə almaq lazımdır ki, avro ilə müqayisədə dolların məzənnəsində artımlar var və Azərbaycanın dövlət rezervləri valyuta səbəti formasında saxlandığından ümumi rezervlərin məbləğındə azalma ilə müşahidə olunmayacaq. Bütövlükdə isə avro ilə saxlanılan ehtiyatların dəyərinin azalması ilə nəticələnəcək”.
Qafqazinfo