Avropa İttifaqı “Taliban” hərəkatının Əfqanıstan müharibəsində qalib gəldiyini tanıyır, lakin onun hakimiyyətini tanımaq niyyətində deyil.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Əfqanıstanla bağlı keçirdiyi təcili videokonfransda məlumat verib.
“Taliban” müharibədə qalib gəlib, buna görə də miqrasiya və humanitar böhranların qarşısını almaq üçün Kabilin yeni hökuməti ilə danışmalıyıq. Söhbət “Taliban” hökumətinin tanınmasından deyil, dialoqdan gedir”, – deyə Borrel söyləyib.
O, Aİ-nin Əfqanıstana humanitar yardım göstərməyə davam edəcəyini əlavə edib. “Əfqanıstan xalqının humanitar yardıma çox ehtiyacı var, nə olursa olsun humanitar yardım göstərilir. Bu, iqtisadi yardıma şamil edilmir, onun ayrılması Əfqanıstanın yeni hakimiyyət orqanlarının hərəkətlərindən asılı olacaq”, – deyə siyasətçi vurğulayıb.
Cənab Borrel Aİ-nin əsas prioritetinin “işçi heyətini və onlarla işləyən Əfqanıstan vətəndaşlarının təxliyəsi” olduğunu söyləyib.
Xatırladaq ki, 15 avqustda taliblər Kabula daxil olub. Eyni gündə Əfqanıstan prezidenti Əşrəf Qani istefa verərək ölkəni tərk edib. ABŞ prezidenti Co Bayden onun güclü dəstəyinə baxmayaraq, Əfqanıstan hökumətinin “Taliban”a təslim olduğunu söyləyib. O, qoşunları Əfqanıstandan geri çəkdiyinə görə peşman olmadığını əlavə edib.






