9 C
Baku
Friday, December 13, 2024

Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi üçün əlavə 10 milyon avro ayıracaq

Bu gün Bakıda Avropa İttifaqına (Aİ) üzv dövlətlərin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minalarla mübarizə üzrə ekspertlərini bir araya gətirən ilk tədbir keçirilib.

Aİ əlavə 10 milyon avro ayıracaq və humanitar minatəmizləmə sahəsində bilik və innovasiyaların mübadiləsi üçün Qabaqcıl Təcrübə Mərkəzinin yaradılmasına kömək edəcək, bununla da Azərbaycanda minatəmizləmə prosesinə dəstəyi gücləndirəcək.

Bu təşəbbüs COP29 ərəfəsində ölkədə humanitar minatəmizləməni dəstəkləmək üçün Aİ-nin daha geniş səylərinin bir hissəsidir.

Bu məqsədlə bu gün Aİ-nin Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) çərçivəsində ANAMA-nın təşkil etdiyi ilk seminar ittifaqa üzv dövlətlər və tərəfdaşlarından olan ekspertlərlə qabaqcıl təcrübələrin, əldə edilmiş biliklərin və innovativ həllərin mübadiləsi üçün platforma təklif edir.

Seminar çərçivəsində Sloveniya və Bosniya və Herseqovinadan olan ekspertlər strateji planlaşdırma, minalarla mübarizədə gender bərabərliyi, zərərçəkmişlərə yardım, keyfiyyət və risklərin idarə edilməsi, ekoloji aspektlər və yeni texnologiyalar sahələrində öz biliklərini və çoxillik təcrübələrini bölüşüblər.

Aİ Azərbaycana ölkədəki mina problemini həll etmək üçün maliyyə dəstəyini artırmağı planlaşdırır. Bununla əlaqədar 2024-2025-ci illər üçün proqram çərçivəsində əlavə 10 milyon avronun ayrılması nəzərdə tutulur.

Bu kontekstdə bugünkü tədbir regionda bilik mübadiləsi üçün Qabaqcıl Təcrübə Mərkəzinin yaradılmasına və fəaliyyətə başlamasına dəstək məqsədi daşıyan tədbirlər silsiləsindən birincisidir. ANAMA tərəfindən idarə olunan Mərkəzin ixtisaslaşmış təlim bazalarına, tədqiqat və təkmilləşdirmə imkanlarına malik olacağı və minalardan təmizləmə sektorunda ən son texnika və texnologiyalara yönəlmiş milli və beynəlxalq kadrlar üçün təlim proqramları təklif edəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər