Avropa Komissiyası ChatGPT və Roblox platformalarına Aİ-nin Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində “çox böyük onlayn platforma” statusu verməyə hazırlaşır. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, bu qərar 2026-cı ilin avqustunda qəbul oluna bilər.
Bu status Aİ-də aylıq aktiv istifadəçi sayı 45 milyonu ötən platformalara verilir. Bu kateqoriyaya daxil edildikdən sonra OpenAI və Roblox qanunsuz və zərərli məzmunun moderasiyası ilə bağlı daha geniş tələblərə əməl etməli olacaqlar. Bloomberg bu tələblərin konkret məzmununu açıqlamayıb.
Bundan əlavə, şirkətlər mütəmadi olaraq şəffaflıq hesabatları dərc etməli və risklərin müəyyənləşdirilməsi və azaldılması ilə bağlı planlar təqdim etməli olacaqlar. Platformalar həmçinin Avropa Komissiyasına illik nəzarət rüsumu ödəyəcəklər.
Rüsumun məbləği platformanın istifadəçi sayından asılı olacaq, lakin şirkətin əvvəlki maliyyə ili üzrə qlobal mənfəətinin 0,05%-ni keçə bilməz.
Hazırda “çox böyük onlayn platformalar” siyahısına Amazon, TikTok, Wikipedia, YouTube, Facebook, Instagram, LinkedIn və Zalando daxildir.
DSA tələblərinin pozulmasına görə şirkətlər əvvəlki maliyyə ili üzrə qlobal dövriyyələrinin 6%-dək məbləğində cərimə oluna bilərlər.






