Avropa İttifaqı neft, qaz və kömür layihələrinin maliyyələşdirilməsini dayandıracaq. Yeni bəyannamə Aİ-nın maliyyə nazirləri tərəfindən dəstəklənib. Bu haqda Reuters xəbər verir.
İlk dəfədir ki, Avropa nazirləri yanacaq növlərinin maliyyələşdirilməsini tamamilə dayandırılmasını nəzərdə tutan bəyannaməyə dəstək olurlar. Xatırladaq ki, daha əvvəl yalnız kömürlə işləyən elektrik stansiyalarının maliyyələşdirilməsinin dayandırılması məsələsi müzakirəyə çıxarılmışdı.
Qeyd edildiyi kimi, bu bəyannamə Avropa İnvestisiya Bankına və Aİ-nın maliyyə şöbəsinə bir neçə milyard avroya başa gələ bilər.
Avropa İttifaqı qlobal istiləşmə ilə mübarizəyə yönəlmiş layihələrin maliyyələşdirilməsi sahəsində liderdir, lakin bununla yanaşı təşkilat yanacaq ehtiyatlarını da maliyyələşdirir. Belə ki, Avropa İttifaqına üzv olan dövlətlərin əksəriyyəti nüvə enerjisindən və ya kömürdən asılılığını azaltmaq üçün qaz layihəsini dəstəkləyir.
Daha əvvəl Avropa İnvestisiya Bankının idarə heyəti 2021-ci ilin sonundan etibarən qaz layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirməkdən imtina edilməsini nəzərdə tutan strategiya qəbul etmişdir. İnvestisiya bankı enerji səmərəliyini və enerjinin dekarbonlaşməsini artıran layihələrə üstünlük verəcəkdir.