27 C
Baku
Saturday, April 27, 2024

Avropa İttifaqı ölkələrində elektrik və qaz qiymətləri pik həddə çatıb

Avropa İttifaqı (Aİ) ölkələrində keçən il yaşanan enerji böhranı səbəbi ilə bu ilin birinci yarısında yaşayış evlərində 100 kilovat-saat elektrik enerjisinə görə ödənilən orta məbləğ 28.9 avroya çataraq rekord qırıb.

Avropa Statistika İdarəsi 2023-cü ilin birinci yarısında Aİ ölkələrində yaşayış evlərində istehlak edilən elektrik enerjisi və təbii qaz qiymətləri ilə bağlı məlumatları dərc edib.

Məlumata görə, 2022-ci ilin birinci yarısında Aİ ölkələrində 100 kilovat-saat elektrik enerjisinə görə 25.3 avro ödənildiyi halda, 2023-cü ilin birinci yarısında bu rəqəm 28.9 avroya çatıb.

Bu ilin birinci yarısında Aİ-nin 22 ölkəsində elektrik enerjisinin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Üzv ölkələr arasında elektrik enerjisi qiymətlərində ən yüksək artım Niderlandda müəyyən edilib. Niderlandda elektrik enerjisinin qiymətləri bu ilin birinci yarısında keçən ilin birinci yarısı ilə müqayisədə 953 faiz artıb. Rekord qiymət artımına 2022-ci ildə vergi endirimlərinin dayandırılması və ev təsərrüfatları üçün enerji vergilərinin artırılması səbəb olub.

Elektrik enerjisinin qiymət artımına görə Niderlandı 88 faizlə Litva, 77 faizlə Rumıniya və 74 faizlə Latviya izləyib. Artım Sloveniyada 38 faiz, İsveç və Belçikada 27 faiz, Almaniyada 26 faiz, İtaliyada 21 faiz olub.

Avropa İttifaqına üzv ölkələr arasında elektrik enerjisinə ən çox pul ödəyən ölkə Niderland olub. Ölkədə ev təsərrüfatları 100 kilovat-saat elektrik enerjisinə görə 47.5 avro ödəyib. Bu ölkəni 43.5 avro ilə Belçika, 42 avro ilə Rumıniya, 41.2 avro ilə Almaniya, 38.1 avro ilə Danimarka və 37.8 avro ilə İtaliya izləyib.

Ən ucuz elektrik enerjisi Bolqarıstanda satılıb. Bolqarıstanda 100 kilovat-saat elektrik enerjisinə görə 11.4 avro ödənildiyi halda, bu ölkəni 11.6 avro ilə Macarıstan və 12.6 avro ilə Malta izləyir.

Bu ilin birinci yarısında Aİ ölkələrində yaşayış evlərində istifadə edilən təbii qazın hər 100 kilovat-saatına görə ödənilən orta qiymət 11.9 avro hesablanıb. Sözügedən qiymət ötən ilin eyni dövründə 8.6 avro olaraq müəyyən edilib. Təbii qaz qiymətləri də tarixi rekord həddə çatıb.

Aİ ölkələri arasında bu dövrdə yaşayış evlərində istehlak edilən təbii qaza görə ən yüksək ödəniş 100 kilovat-saat üçün 24.8 avro ilə Niderlandda, 21.9 avro ilə İsveçdə, 16.5 avro ilə Danimarkada həyata keçirilib.

Bu dövrdə Aİ-yə üzv ölkələr arasında ən sərfəli təbii qaz istehlakı Macarıstanda olub. Ev təsərrüfatları 100 kilovat-saat təbii qaz üçün Macarıstanda orta hesabla 3.4 avro, Xorvatiyada 4.1 avro, Slovakiyada isə 5.7 avro ödənilib.

Qazın ən çox bahalaşdığı ölkələr 139 faizlə Latviya, 134 faizlə Rumıniya, 103 faizlə Avstriya, 99 faizlə Niderland, 73 faizlə isə İrlandiya olub.

Bu məlumatlar Aİ ölkələrində enerji böhranı səbəbi ilə elektrik enerjisi və təbii qaz qiymətlərinin sürətlə artdığı dövrü əhatə edir.

MənbəAzərtac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər