10 C
Baku
Thursday, December 12, 2024

“Avropa İttifaqı Türkiyəyə ayırdığı 3.3 mlrd. avronu vermir”

Türkiyə Avropa İttifaqının miqrasiya böhranı ilə mübarizə üzrə birgə plan çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini, xüsusən də qaçqınlara yardımla bağlı Ankaraya kömək etməsini gözləyir.

Bunu Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakçı “21-ci əsrdə insan haqlarının gələcəyi” beynəlxalq konfransında çıxışı zamanı bildirib.

O deyib ki, Türkiyədə hazırda 4.2 milyon qaçqın var, bunun da 3.5 milyonu suriyalıdır: “Beynəlxalq ictimaiyyətin miqrasiya məsələlərində ölkəmizlə daha fəal əməkdaşlıq etməsini gözləyirik. Heç bir ölkə təkbaşına bu qədər qaçqını qəbul edə bilmir. Avropa İttifaqını qaçqınlarla bağlı dörd saziş üzrə öhdəliklərini tam yerinə yetirməyə, xüsusən də maliyyə yardımı ilə bağlı kömək etməyə çağırırıq”.

Nazir müavininin sözlərinə görə, söhbət Türkiyəyə 3.3 milyard avronun ayrılmasından gedir.

F.Kaymakçı vurğulayıb ki, indiyədək 500 mindən çox suriyalı qaçqın Türkiyədən ölkəsinə qayıdıb və bu proses davam edəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin mayında Suriyada vətənlərinə qayıdan qaçqınlar üçün 200 minə yaxın ev tikmək planlarını açıqlamışdı. Onların Ankaranın nəzarətində olan təhlükəsiz zonalarda xüsusi yaradılmış şəhərciklərdə yerləşdirilməsi planlaşdırılır. Layihə çərçivəsində ümumilikdə 1 milyondan çox suriyalı qaçqın öz vətənlərinə qayıda biləcək.

Xatırladaq ki, 2016-cı ildə Aİ ölkələrinin dövlət və hökumət başçıları miqrasiya böhranı ilə mübarizə üçün Türkiyəyə maliyyə yardımı nəzərdə tutan birgə planı razılaşdırıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər