Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri Donald Tramp administrasiyası qarşıdakı həftələrdə mövqeyini yumşaltsa belə, ABŞ-ın tətbiq etdiyi tariflərin iqtisadiyyata uzunmüddətli zərər verəcəyini gözlədikləri üçün faiz dərəcələrinin daha da azaldılmasına hazırlaşırlar.
Banker.az xəbər verir ki, bu həftə Beynəlxalq Valyuta Fondunun (BVF) iclaslarında intensiv müzakirələrdən sonra əksər siyasətçilər Vaşinqtonu ruh düşkünlüyü ilə tərk ediblər. Onlar hesab edirlər ki, Trampın proqnozlaşdırıla bilməyən davranışı qeyri-müəyyənliyi davam etdirəcək, bu da xərcləri və investisiyaları azaldacaq və nəticə etibarilə inflyasiyanı uzun müddət aşağı səviyyədə saxlayacaq. Bu iddia ilə dünən Bloomberg agentliyi çıxış edib.
Avronun bahalaşması, artan fiskal xərclər səbəbindən sərtləşən maliyyələşmə şərtləri və enerji qiymətlərinin enməsi də qiymətlərə təzyiq edəcək və iyunda səkkizinci dəfə rüb faizinin (25 baza bəndi) azaldılmasına zəmin yaradacaq. Agentlik düşünür ki, sonrakı qərarlar isə əsasən gələn il və sonrakı illər üçün yenilənmiş inflyasiya proqnozlarından asılı olacaq.
“Bank of America”, “Deutsche Bank” və “Morgan Stanley” iqtisadçıları artıq depozit faiz dərəcəsinin bu il ən azı 1.5%-ə endirilməsini proqnozlaşdırırlar (hazırda 2.25%-dir) ki, bu da tələbi stimullaşdırmaq məqsədi daşıyır.
İdarə Heyətinin üzvləri, o cümlədən Olli Rehn və Gediminas Simkus borclanma xərclərinin bu səviyyələrə endirilməsini nəzərdən keçirməyə açıq olduqlarını bildiriblər. Lakin Klaas Knot və Martins Kazaks kimi digərləri, son hadisələrin orta müddətli təsirlərinin hələ qeyri-müəyyən olduğunu qeyd edərək, çox aqressiv siyasət yürüdülməsinin əleyhinədirlər.
“Şokların miqyası və bölgüsü yüksək dərəcədə qeyri-müəyyən olduqda, müəyyən faiz dərəcəsi trayektoriyasına sadiq qalaraq sabitlik təmin edə bilmərik,” – deyə ECB Prezident Kristin Laqard aprelin 25-də maliyyə nazirləri və digər mərkəzi bank rəhbərləri ilə görüşdə bildirib. Həftənin əvvəlində o qeyd etmişdi ki, ECB “həddindən artıq məlumatlara əsaslanan” siyasət yürütməlidir.
Ən son hesabatlar zəif artım tempinə işarə edir. Satınalma menecerləri arasında keçirilən sorğu inamın (PMI) azaldığını və tələbin zəiflədiyini göstərib, BVF isə çərşənbə axşamı açıqladığı proqnozda 20 ölkəni əhatə edən avrozonanın bu ilki iqtisadi artım proqnozunu əvvəlki 1%-dən 0,8%-ə endirib.
Zəif artım aşağı inflyasiya ilə müşayiət olunur. BVF, ECB kimi, qiymət təzyiqlərinin ilin ikinci yarısında 2%-ə çatacağını proqnozlaşdırır. Lakin BVF-in mesajı Avropadan Vaşinqtona gələn bəzi siyasətçilərlə müqayisədə daha sərtdir.
“2% hədəfinə daha bir 25 baza bəndlik faiz endirimi ilə çatmaq mümkündür,” – deyə BVF-in Avropa departamentinin direktoru Alfred Kammer cümə günü jurnalistlərə bildirib. “Əgər böyük şoklar baş verməzsə, 2%-dən aşağı getməyə ehtiyac görmürük.”
İqtisadçılar bu səviyyəni tələbi nə stimullaşdıran, nə də məhdudlaşdıran neytral səviyyəyə ən yaxın hesab edirlər. Bu da daha sərt siyasət tərəfdarlarının ehtiyat etdiyi bir xəttə çevrilə bilər.
“Əgər inflyasiya hədəfdən əhəmiyyətli dərəcədə və uzun müddət aşağı olarsa, təbii seçim faiz dərəcələrini stimullaşdırıcı səviyyəyə endirmək olar,” – deyə Latviya Mərkəzi Bankının rəhbəri Martins Kazaks şənbə günü bildirib. “Hazırda belə bir vəziyyət yoxdur.”
Hollandiyalı Klaas Knot isə çərşənbə günü etdiyi çıxışda “neytral səviyyənin əsas mövqe olaraq qalmalı olduğunu” bildirib. O qeyd edib ki, inflyasiya əvvəlki gözləntilərdən daha sürətlə zəifləyə bilər, lakin ticarət pozuntularının və Avropada müdafiə və infrastruktur xərclərinin uzunmüddətli təsiri “hələ tam aydın deyil.”
Onun şərhləri göstərir ki, iyunun 5-də keçiriləcək iclasda – Knotun vəzifədə olduğu son iclas – ECB gələn il üçün istehlak qiymətləri artımı proqnozunu martdakı 1,9%-dən aşağı endirməyə məcbur olacaq. Lakin əsas qiymətləndirmə 2027-ci il üçün olacaq, çünki qiymətlərin uzunmüddətli sabitliyi bu göstəriciyə bağlı olacaq.
Bütün qeyri-müəyyənliklərə baxmayaraq, bəzi rəsmilər artıq uğur əldə olunduğunu hesab edirlər.
Fransadan Fransua Villerua de Qallo bildirib ki, “hazırda Avropada inflyasiya riski yoxdur.” Slovakiyadan Peter Kazimir də razılaşaraq, inflyasiyanın yaxın aylarda hədəfə yaxınlaşacağını – ötən ay proqnozlaşdırılan 2026-cı ilin əvvəlinə qədər deyil – bildirib.
GÖSTƏRİCİLƏR…
Bloomberg-in cümə günü açıqladığı sorğuda bildirilib ki, aprel ayında inflyasiyanın 2,1%-ə düşdüyü ehtimal edilir. İki gün əvvəl isə Avrostat ilk rübün iqtisadi performansına dair ilkin qiymətləndirməni açıqlayacaq. Analitiklər 0,2% artım gözləyirlər.
Bu məlumatlar ECB-in növbəti qərarına və yeni proqnozlara daxil ediləcək. Lakin siyasətçilər gələcəyə dair ipucu əldə etməyə can atsa da, yeni ticarət reallıqlarının tam mənzərəsini əks etdirmək çətin olacaq. Çünki Trampın danışıqlar üçün verdiyi 90 günlük möhlət iyulun əvvəlindən tez başa çatmayacaq və hətta ondan sonra da davamlı bir razılaşmanın əldə ediləcəyi aydın deyil.
“Tam hərəkət azadlığımızı qorumaq çox vacibdir, bu da o deməkdir ki, biz neytral faiz səviyyəsinə əsaslanaraq müəyyən sərhədlər təyin etməməli və faiz endirimlərinin ölçüsünü əvvəlcədən məhdudlaşdırmamalıyıq,” – deyə Finlandiya Mərkəzi Bankının rəhbəri Olli Rehn bildirib. “Bu, çevik və fəal pul siyasəti dövrüdür.”
Daha böyük faiz endirimi ehtimalı barədə sual veriləndə, ECB-in baş iqtisadçısı Filip Leyn bildirib ki, “biz hər zaman standart 25 baza bəndlik addımlarla hərəkət edəcəyik” deməyə əsas yoxdur, lakin bunun nəzəri bir fikir olduğunu vurğulayıb. Digər siyasətçilər isə belə bir addımı yalnız fövqəladə hallar üçün lazım bilirlər.
Bu arada Estoniyadan Madis Müller bildirib ki, əgər ticarət qeyri-müəyyənliyi artımı daha çox zədələsə, siyasətin “bir qədər daha yumşaq” olmasına ehtiyac yarana bilər.
Lakin bəzi rəsmilər üçün iqtisadiyyata dair ümumi ab-hava o qədər də bədbin deyil.
Xorvatiya Mərkəzi Bankının rəhbəri Boris Vuyçis bildirib ki, avrozonaya maliyyə axını davam edir və istiqraz gəlirləri aşağı düşüb. “Hazırkı vəziyyət Avropa üçün ən pis ssenari deyil,” – deyə o qeyd edib.