Avropa Mərkəzi Bankı (ECB) müvafiq hüquqi baza formalaşacağı halda 2029-cu ildə rəqəmsal valyutanın — rəqəmsal avronun istifadəyə verilməsini planlaşdırır. Bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat verib.
Məlumata görə, ECB bu ay başa çatan hazırlıq mərhələsindən sonra “rəqəmsal avronun əsasını formalaşdırmaq” üzərində işi davam etdirəcək. Hazırlıq mərhələsi 2023-cü ildə başlayıb və o vaxt Mərkəzi Banklar ümid edirdilər ki, Avropa İttifaqı rəqəmsal əsginaz və sikkələrin tətbiqi üçün lazım olan qaydaları qəbul edəcək. Lakin üzv dövlətlərin hökumətləri və Avropa Parlamenti hələ də razılığa gələ bilməyiblər, baxmayaraq ki, siyasətçilərin təzyiqi artır. Onlar pərakəndə ödənişlər sahəsində “Visa”, “Mastercard” və “PayPal” kimi Amerika şirkətlərindən asılılıqdan narahatdırlar.
ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənən, dollara bağlı steyblkoinlərin Avropada möhkəmlənə biləcəyi qorxusu isə bu məsələdə daha bir təkan verib.
Rəqəmsal avro ideyası ilk dəfə 2020-ci ildə ECB tərəfindən irəli sürülüb. Qeyd olunur ki, bu valyutanın tətbiqi pərakəndə ödəniş bazarını dəyişə və mövcud ödəniş sistemlərinin əsas gəlir mənbələrinə təzyiq göstərə bilər. Tam gücü ilə işlədikdə, rəqəmsal avro avrozonadakı bütün tranzaksiyaların təxminən üçdə birini öz üzərinə götürə bilər. Hazırda ödəniş komissiyalarının əsas hissəsi Aİ-nin hüdudlarından kənara gedir.






