Çərşənbə günü ABŞ və İran arasında münaqişəyə son qoya biləcək mümkün razılaşma ilə bağlı xəbərlər fonunda Avropa fond bazarları əhəmiyyətli dərəcədə yüksəlib.
Ağ Ev yaxın 48 saat ərzində İranın uranın zənginləşdirilməsinə moratorium da daxil olmaqla “əsas məqamlar” üzrə cavabını gözləyir. “Axios”un məlumatına görə, tərəflər gələcək sülh müqaviləsinin çərçivəsini müəyyən edən bir səhifəlik memorandumun dərcinə yaxındırlar.
Bu xəbərlərdən sonra ümumavropa STOXX 600 indeksi 2% artıb. FTSE 100 2,2% yüksələrək çərşənbə axşamı qeydə alınan ciddi itkiləri kompensasiya edib. Fransanın CAC 40 və Almaniyanın DAX indeksləri də hər biri 2,3% bahalaşıb.
Müsbət dinamika neft-qaz şirkətlərinin səhmləri istisna olmaqla, bütün əsas birjalarda və əksər sektorlarda müşahidə olunub.
Bu qərar ABŞ prezidenti Donald Trampın “Azadlıq Layihəsi”nin dayandırıldığını bəyan etməsindən sonra verilib. O, “Truth Social” platformasındakı paylaşımında bunu “İranla tam və yekun razılaşmanın əldə olunması istiqamətində əhəmiyyətli irəliləyiş”lə izah edib.
Dövlət mediasının məlumatına görə, İranın xarici işlər naziri Abbas Araqçi çərşənbə axşamı Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşüb. Trampın müşavirləri Çini İranın Hörmüz boğazını yenidən açması üçün təzyiq göstərməyə çağırıblar. Bu boğaz neft və qaz nəqli üçün mühüm marşrut hesab olunur.
Bazarlar ABŞ və İran arasında kövrək atəşkəsin İran pilotsuz aparatları və raketlərinin BƏƏ-yə hücumu, həmçinin Ağ Evin Hörmüz boğazında İran katerlərinin batırılması barədə bəyanatından sonra təhdid altına düşməsi fonunda çərşənbə axşamı yaranmış volatillikdən sonra bərpa gözləyirdi.
Cənubi Koreyanın KOSPI indeksi gecə ərzində 6,5% artaraq yeni maksimuma çatıb və 7000 bəndi keçib. İlin əvvəlindən bəri artım 70%-i ötüb.
İndeksə daxil olan “Samsung Electronics” şirkətinin səhmləri 15%-dən çox yüksələrək rekord həddə çatıb və bazar kapitallaşması $1 trilyon həddini keçib. “SK Hynix” səhmləri də 10%-dən çox bahalaşaraq tarixi maksimumunu yeniləyib.
“Novo Nordisk” ABŞ-də məşhur arıqlama preparatı “Wegovy”nin uğurlu satışları hesabına illik mənfəət proqnozunu artırdığını açıqlayıb. İlin ilk üç ayında preparatın satışları 2,26 milyard kron təşkil edib ki, bu da analitiklərin proqnozlarını üstələyib.
“Pandora” səhmləri ABŞ-də zəif istehlakçı əhval-ruhiyyəsinə baxmayaraq, birinci rübdə satış gözləntilərini üstələdikdən sonra 9% artıb.
Danimarka zərgərlik evi Tramp administrasiyasının idxal rüsumları və gümüş qiymətlərinin artması səbəbindən təzyiqlə üzləşib. Şirkət çərşənbə günü ABŞ-nin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı çərçivəsində rüsumların geri qaytarılması üçün müraciət etməyi planlaşdırdığını açıqlayıb.
“Novo Nordisk” səhmləri çərşənbə günü ticarətə 1,1% artımla başlayıb.






