“Vilnüs sammitində biz müdafiə və çəkindirməni gücləndirmək, müttəfiqlərimizin üzləşdiyi əsas təhdidlər – Rusiya və terrorizmə qarşı mübarizə üçün üç yeni regional müdafiə planını qəbul edərək ciddi addımlar atacağıq”.
Bunu NATO Baş katibi Yens Stoltenberq gələn həftə Vilnüsdə keçiriləcək sammitdən əvvəl mətbuata açıqlamasında deyib.
O bildirib ki, birinci plan Şimali Atlantika və Avropa Arktikası ilə bağlıdır, digər plan Mərkəzi Avropa və Baltik regionunu əhatə edəcək. Cənub istiqaməti ilə bağlı plan isə Aralıq və Qara dənizləri əhatə edəcək.
Baş katib qeyd edib ki, o, sammitdə NATO ölkələri liderlərinin müdafiə xərclərini minimum halda 2 faizə çatdıracaqları ilə bağlı öhdəlik götürəcəyini gözləyir:
“Bu gün müdafiə xərcləri ilə bağlı yeni gözləntilərimizi elan edirik. 2023-cü ildə Avropa və Kanadada müdafiə xərclərinin 8.3 faiz artacağını gözləyirik. Bu son on illikdə ən böyük artım olacaq. Beləliklə, Avropa müttəfiqləri və Kanada sonuncu dəfə 2014-cü ildən bəri müdafiə xərclərinə əlavə 450 milyard dollardan çox vəsait ayıracaq. Yalnız üç müttəfiq ÜDM-nin 2 faizini müdafiə xərclərinə ayırmışdısa da, bu il 11 müttəfiq bu hədəfə çatıb və ya onu keçib. Biz gözləyirik ki, bu rəqəm gələn il əsaslı şəkildə artacaq”.