15 C
Baku
Friday, March 29, 2024

Avropa Yenidənqurma və İnkişaf Bankı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 1991-ci ildə, Mərkəzi və Şərqi Avropada yardıma ehtiyacı olan post – sovet ölkələrində özəl sektorun canlandırılmasına yardım məqsədilə yaradılmışdır. AYİB hazırda regionda ən böyük investor rolunu oynayır və öz maliyyə vəsaitlərindən başqa digər əhəmiyyətli birbaşa investisiyaları da özündə cəmləşdirir.

AYİB-in 61 ölkə və 2 beynəlxalq institutdan ibarət səhmdarı vardır. Lakin, dövlət sektoruna malik səhmdarlarının olmasına baxmayaraq Bank əsasən digər kommersiya tərəfdaşları vasitəsilə özəl sektora investisiya yatırır. AYİB bank, sənaye və biznes sektoru üçün layihələri maliyyələşdirir. O həmçinin özəlləşdirməyə dəstək, dövlət müəssisələrinin restrukrizasiyası və bələdiyyə xidmətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət müəssisələri ilə də əməkdaşlıq edir.

AYİB öz mandatına əsasən yalnız demokratik prinsiplərə söykənən ölkələrlə əməkdaşlıq edir. Hal – hazırda AYİB Orta Avropa və Mərkəzi Asiya regionunda 29 ölkəyə investisiya ayırır. Bank əsasən istiqrazların emissiyası hesabına vəsaitlər cəlb edir. Bankın fərqliliyi ondan ibarətdir ki, bank investisiya layihələrinə geniş həcmdə milli valyutalar cəlb edir. Bütün investisiya layihələrində Bank bazar iqtisadiyyatının formalaşması, özəl sektora yardım məqsədilə zəruri infrastrukturun inkişaf etdirilməsi, yerli kapitalın cəlb edilməsi və s. istiqamətlərdə dəstək olur.

Azərbaycan AYİB-ə 25 sentyabr 1992-ci il tarixdə üzv seçilmişdir və o vaxtdan etibarən AYİB Azərbaycanda enerji, nəqliyyat, su, bankçılıq, mülkiyyət, aqrobiznes və ümumi sənaye kimi sahələri əhatə edən ölkə və regional əhəmiyyətli layihələrin həyata keçirilməsini dəstəkləmişdir. Bununla yanaşı, AYİB ölkədə institusional inkişafın və rəqabətliliyin artırılması məqsədilə maliyyə və texniki yardım göstərmişdir. AYİB-in maliyyə sektoru üzrə fəaliyyət istiqaməti bank sistemində aparılan islahatlar, maliyyə siyasəti və respublikanın maliyyə institutlarına dair gələcək siyasətin təşkili və həyata keçirilməsinə yönəldilmişdir.

AYİB-in Bakıdakı rezident nümayəndəliyi 1995-ci ilin dekabrında yaradılmışdır.

Azərbaycan AYİB-in “İlkin keçid iqtisadiyyatlı ölkələr” təşəbbüsü proqramına daxildir. Bu təşəbbüsün məqsədi 2004-cü ilin aprel ayından başlayaraq zəif inkişaf etmiş yeddi ölkəyə ayrılan investisiyaların həcmini artırmaqdır. Təşəbbüs MDB ölkələrində yoxsulluğun azaldılması istiqamətində beynəlxalq cəhdlərin əsasında formalaşmışdır. Bu təşəbbüs çərçivəsində AYİB öz cəhdlərini özəl sektorda biznesin inkişaf etdirilməsi, bu sahədə iqtisadi islahatların aparılması, kiçik layihələrin maliyyələşməsi və s. üzrə cəmləşdirəcək.

AYİB bir sıra bankların institusional inkişafı və rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə onlara maliyyə və texniki yardımlar göstərir. Bank daha böyük, daha müxtəlifləşdirilmiş və daha davamlı bankların inkişaf etdirilməsi məqsədilə mövcud və tərəfdaş banklara kredit xətləri, sindikatlaşdırılmış və subordinasiyalı kreditlər təmin edir. Bununla yanaşı, AYİB qeyri-bank mikro-maliyyə qurumlarını, habelə lizinq və sığorta şirkətlərini də dəstəkləməkdədir.

AYİB-in investisiya layihələrinin müxtəlif sektorları əhatə etməsinə baxmayaraq, dövlət sektorunda iri infrastruktur layihələrinin xüsusi çəkisi daha böyükdür. Bu isə sabit və çoxşaxəli özəl sektorun inkişaf prosesində aparıcı rol oynaması üçün zəruri iqtisadi, infrastruktur bazasının yaradılmasına olan ehtiyacı göstərir. Eyni zamanda neft gəlirlərinin artması nəticəsində Hökumətin borcalma qabiliyyətinin əhəmiyyətli dərəcədə artması öz növbəsində Hökumətin dövlət sektoru infrastrukturunda çox ehtiyac duyulan investisiyaları almaq imkanlarını artırır.

Son xəbərlər
Digər xəbərlər