9 C
Baku
Thursday, December 12, 2024

Avropada qazın qiyməti 1600 dolları ötdü

Avropada bu gün keçirilən hərracın gedişində min kubmetr qazın qiyməti 1600 dolları ötüb.

Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın avqust fyuçersinin qiyməti 1606,5 dollara qalxıb.

Ümumilikdə isə gün ərzində qiymətdə 6,5 faiz bahalaşma müşahidə olunub.

İyunun 14-də “Qazprom” “Siemens” kompaniyasının təmir etdiyi qaz nasosu aqreqatlarının vaxtında qaytarılmaması və mühərriklərdə aşkar edilən texniki nasazlıqlar səbəbindən “Şimal axını” ilə qaz tədarükünü azaltmaq məcburiyyətində qaldığını bildirib.

“Siemens Energy” kompaniyası isə öz növbəsində təmirdən sonra qaz turbinlərinin Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Almaniyaya qaytarıla bilmədiyini iddia edib. Bu səbəbdən “Şimal axını” kəmərinə borunun maksimal gücündən 40 faiz az qaz vurulur.

Eyni zamanda, “Nord Stream AG” kompaniyasının məlumatına görə, iyulun 11-dən 21-dək “Şimal axını” qaz kəmərində plan işlərinin aparılması səbəbindən hər iki xəttin müvəqqəti bağlanması nəzərdə tutulur.

Qeyd edək ki, martın 7-də Avropada mavi yanacağın qiyməti tarixdə ilk dəfə min kubmetrə görə 3900 dollara çatmışdı. Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəbindən Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın, həmçinin bir sıra digər dövlətlərin rusiyalı hüquqi və fiziki şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar qazın qiymətinin xeyli artmasına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər