18 C
Baku
Sunday, September 8, 2024

Avstraliya “Boeing 737 MAX”-ın öz ərazisində uçuşlarına qadağa qoyub

Avstraliyanın mülki aviasiya uçuşlarının təhlükəsizliyi idarəsi (CASA) “Boeing 737 MAX” təyyarələrinin İndoneziya və Efiopiyada qəzaya uğraması ilə əlaqədar bu avialaynerlərin ölkə ərazisi üzərində uçuşlarına qadağa qoyub.

İnterfax informasiya agentliyinə istinadən, bu barədə CASA-nın bəyanatında deyilir.

“Bu müvəqqəti qadağadır, biz hələlik “Boeing 737 MAX” təyyarələrinin Avstraliyaya və Avstraliyadan uçuşları ilə bağlı riskləri qiymətləndirmək üçün yeni informasiyalar gözləyirik”, – deyə CASA-nın rəhbəri Şeyn Karmodi bildirib.

İdarənin məlumatına əsasən, Avstraliyanın heç bir aviakompaniyası “Boeing 737 MAX” laynerlərindən istifadə etmir, lakin iki xarici aviaşirkətə aid olan bu model təyyarələr ölkəyə uçuşlar həyata keçirir.

Xatırladaq ki, Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da səhər saatlarında Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

Efiopiyada baş verən qəzadan sonra Çin, İndoneziya, Böyük Britaniya və Cənubi Koreyanın aviakompaniyaları da “Boeing 737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər