Avstraliya və Yaponiya “Mogami” sinifinə aid üç döyüş freqatının (orta ölçülü hərbi gəmi) tədarükü üzrə 10 milyard Avstraliya dolları (6,5 milyard ABŞ dolları) dəyərində müqavilə bağlayıb. Bu barədə “Asahi” xəbər verir. Tərəflər müqaviləni Yaponiya Özünümüdafiə Dəniz Qüvvələrinə məxsus “JS Kumano” freqatının göyərtəsində imzalayıblar. Mərasimdə Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi və onun avstraliyalı həmkarı Riçard Marlz iştirak ediblər.
Gəmilər Yaponiyada “Mitsubishi Heavy Industries” şirkəti tərəfindən inşa olunacaq, ilk freqatın 2029-cu ildə təhvil verilməsi planlaşdırılır. “Mogami” sinifli freqatlar “yer–hava” tipli raketlər və gəmiəleyhinə raketlər üçün qurğularla təchiz ediləcək, həmçinin döyüş helikopterlərinin idarəetmə sistemi ilə təmin olunacaq.
Kanberra həmçinin Qərbi Avstraliya ştatındakı gəmiqayırma zavodunda bu seriyadan daha səkkiz freqat tikməyi planlaşdırır. Bu gəmilər müasir raketlər və pilotsuz uçuş aparatları qarşısında zəif hesab edilən köhnəlmiş ANZAC sinifli Avstraliya freqatlarını əvəz etməlidir. Yaponiyalı nazirin sözlərinə görə, Avstraliyanın məhz bu freqatı seçməsində əsas amil onun cəmi 90 nəfərlik heyət tərəfindən idarə oluna bilməsidir ki, bu da ANZAC sinifli gəmilərin ekipajının təxminən yarısı qədərdir.






