Ötən ilin cari dönəmində baş verən devalvasiya maşın bazarına da təsirsiz ötüşmədi. Dolların məzənnəsinin 0.78-dən 1.05-ə qalxması, növbəti devalvasiya, bankların avtomobil kreditini dayandırması alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb oldu. Artıq bir ildir ki, avtomobil bazarında durğunluq yaşanır. Aksiz vergisinin qalxması da bazarda durğunluğa təsir edib.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, avtomobil bazarında durğunluğun səbəbi xaricdən idxal edilən avtomobillərin sayının azalması ilə əlaqədardır: “Son bir ildə ölkəyə gətirilən avtomobillərin sayında azalma müşahidə edilir. Bununla yanaşı, 2014-cü ildə bankların avtomobil kreditləşdirməsini dayandırması nəticə etibarı ilə bazardakı alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb oldu. 2014-2015-ci illərdə bazar qiymətlərində artım olmasa da cari ildə bazarda istənilən məhsulun qiymətində artım gözə çarpdı”.
Avtomobil bazarında yaranan durğunluğa təsir edən əsas amillərdən biri də ucuz avtomibllərin satılmasıdır. İqtisadi durumu qənaətbəxş olmayanlar bazarda öz ciblərinə uyğun avtomobil tapa bilmirlər. Bazarda ucuz avtomobillərin olmaması qiymətin artmasına birbaşa şərait yaradır: “Hazırda bazarda ucuz avtomobilin olmaması, avtomobil sayının azalması da qiymətlərin artmasına səbəb olub. Tələblə yanaşı bazarda təklif də azalıb”.
V.Bayramov hesab edir ki, aksiz vergilərinin artması qiymət artımında birbaşa rol oynamır: “Çünki aksiz vergisi daha çox bahalı avtomibllərin sayına təsir edir. Lakin müəyyən mənada aksiz vergisinin artması bazara təsir edib”.
İqtisadçı hesab edir ki, avtomobil bazarında qiymətlərin artmasına baxmayaraq növbəti aylarda da bazarda durğunluq davam edəcək. Alıcılıq qabiliyyəti yüksələrsə, banklar avtomobil kreditləşməsini bərpa edərsə, durğunluğu aradan qaldırmaq olar.