“Baku Carsharing Company” MMC-nin direktoru, startapçı Əhməd İbrahimov avtomobillərin icarəsi üçün yeni proqram təminatı yaradıb. “vergiler.az”ın məlumatına görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu layihə üçün “Baku Carsharing Company” MMC-yə “Startap” şəhadətnaməsi verib. Layihə elektrikli avtomobillərin mobil tətbiq üzərindən dəqiqəlik və saatlıq icarəsinə imkan yaradır.
Ə.İbrahimovun sözlərinə görə, “Kite” mobil tətbiqi istifadəçilərin elektrikli nəqliyyat vasitələrinə marağını artırmaq üçün rahat, davamlı və sərfəli həll yolu təklif etməklə şəhər hərəkətliliyində yenilik tətbiq edir. Nəticədə insanlar sadəcə lazım olduğu zaman avtomobildən istifadə edərək tıxacların azalmasına və park yerlərinin daha effektiv tənzimləməsinə töhfə verirlər. MMC direktoru bildirib ki, növbəti ilin ilk aylarından fəaliyyətə başlaması nəzərdə tutulan layihəyə artıq investorlar tərəfindən böyük maraq göstərilir: “Hazırda layihəyə investisiya qoymaq istəyən bir neçə fiziki şəxs var, lakin indiki mərhələdə biz bütün prosesləri öz hesabımıza yerinə yetirməyi planlaşdırırıq. Gələcəkdə böyümək və qloballaşmaq üçün investorlarla çalışmaq fikrimiz var”.
Startapçı qeyd edib ki, yaxın gələcəkdə fəaliyyətə başladıqdan sonra yararlanacaqları ən böyük faydalardan biri mənfəət vergisindən azad olunmaq olacaq: “Startap” şəhadətnaməsi startapçılara bir sıra üstünlüklər qazandırır. Bunun sayəsində digər qurumlar tərəfindən həmin şəhadətnaməyə sahib olan şəxslərə xüsusi diqqət və qayğı göstərilir. Məsələn, startapçı olduğumuz üçün bizə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan “AzİnTelekom” tərəfindən tariflərdə müəyyən güzəştlər edilib və eksklüziv xidmətlər təqdim olunub. Hazırda Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq etməyə çalışırıq və müraciətimizin məğzi yollarda təhlükəsizliyin təmin olunması üçün tətbiqimizin istifadəçilərinin sürücülük tərcübəsinin ölçülməsini həyata keçirmək, eləcə də Dövlət Yol Polisinin sürücülük vəsiqələrinin bazasına virtual inteqrasiya həyata keçirməkdir”.