Azərbaycanda avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri təhlükəsizliyi təmin olunmalı məhsulların siyahısına daxil edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Gün.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2015-ci il tarixli, 369 nömrəli Qərarı ilə avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri təhlükəsizliyi təmin olunmalı məhsulların siyahısına daxil edilib.
Qərara əsasən, bundan sonra ölkəyə idxal edilən, həmçinin istehsal edilən avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırıldıqdan sonra dövriyyəyə buraxıla bilər.
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, uyğunluğun qiymətləndirilməsini, başqa sözlə sertifikatlaşdırmanı akkreditasiya olunmuş müstəqil qurumlar həyata keçirir. Məlumat üçün bildiririk ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi 3 sertifikatlaşdırma orqanının fəaliyyət sahəsində avtonəqliyyat vasitələrinin ehtiyat hissələrini sertifikatlaşdırmaq nəzərdə tutulub. Bunlar “AzeSert” MMC, “Azcertcenter” MMC və “TexnoSert” MMC-dir. Qurumlar haqqında ətraflı məlumatı Dövlət Akkreditasiya Xidmətinin rəsmi internet səhifəsindən –www.accreditation.gov.az saytından əldə etmək mümkündür.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçılara akkreditasiya olunmuş qurumlar tərəfindən təhlükəsizliyi təsdiq olunmamış, sertifikatlaşdırılmayan ehtiyyat hissələrini almamağı tövsiyyə edir. “Milli Sertifikatlaşdırma Sistemi haqqında” Əsasnaməyə əsasən, sertifikatlaşdırma insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq, istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq məqsədləri üçün keçirilir.