15 C
Baku
Friday, March 29, 2024

Aylıq pul da alacaqlar, işlə də təmin olunacaqlar – Amma əmması var

Peşə hazırlığına ödənişsiz yiyələnmək və ayda 250 manat təqaüd almaq üçün mütləq həmin şəxs işsiz olmalı, VÖEN hesabı və adına pay torpağı olmamalıdır

“Azərbaycanda müxtəlif peşələr üzrə hazırlanan 140 ixtisaslı kadr işlə təmin olunacaq”. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Bakı Turizm Peşə Məktəbinin direktoru Nilufər Kərimova verib.

O bildirib ki, bu layihənin həyata keçirilməsində məqsəd müxtəlif sahələr üzrə peşə təhsili olan ixtisaslı kadrların hazırlanmasıdır. N.Kərimova deyib ki, bu, Bakı Turizm Peşə Məktəbi ilə Bakı Şəhər Məşğulluq İdarəsinin həyata keçirdiyi böyük layihə nəticəsində gerçəkləşir.

Direktorun sözlərinə görə, hazırda 7 qrupda 140 nəfər tələbə oktyabrın 15-dən başlayaraq peşə təhsilinə başlayıb: “Kadrlar turizm bələdçisi, aşpaz, qənnadçı, bərbər və vizajist sahələri üzrə hazırlanır. Onlar 3 ay yarım kurs keçərək bu peşələrə yiyələnirlər. Həmin tələbələrə üstəlik ayda 250 manat təqaüd də verilir. Kursu başa vurduqdan sonra Təhsil Nazirliyinin sertifikatı ilə təmin olunacaqlar”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə Sputnik Azərbaycan-a açıqlamasında bu layihənin Hotellər və Restoranlar Assosiasiyası (DAİR) ilə birgə həyata keçirildiyini söyləyib. O bildirib ki, turizm, qonaqpərvərlik və xidmət sahələri üzrə hazırlıq kurslarına müdavim qəbulu bu gün də davam edir. Onun sözlərinə görə, kurslarda öyrədiləcək peşələrin siyahısına daha iki peşə də əlavə edilib: “Elan edilən peşə hazırlığı kursları aşpaz (Azərbaycan kulinariyası), qənnadçı, ofisiant (banket və ziyafətlər üçün), ofisiant (yüksək kvalifikasiyalı), dağ turist marşrutları üzrə bələdçi, ekskursiya bələdçisi, qeydiyyatçı (mehmanxanada), konsyerj, mehmanxana qapıcısı, otel xadiməsi (təmizlik işləri), barmen, konfrans və tədbir təşkilatçısı, turanimator peşələr üzrədir. Turizm, qonaqpərvərlik və xidmət sahələrində karyera imkanları əldə etmək, ixtisas almaq və ya öz kvalifikasiyasını təkmilləşdirmək arzusunda olan şəxslər peşə hazırlığı kurslarına cəlb edilmək üçün müraciət edə bilərlər. Peşə hazırlığı nəzəri və praktiki təlimləri şəklində – turizm və qonaqpərvərlik biznesi müəssisələrində təcrübə keçməklə tədris ediləcək. Kursların tədrisi Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin (ATHEC) peşəkar təlimçiləri cəlb olunmaqla Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzində həyata keçirilir. 

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunacaqlar. İşaxtaranlar üçün peşə hazırlığı kursları isə ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər. Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq sertifikatlar təqdim olunacaq və onların müvafiq işlə təmin olunmasına köməklik göstəriləcək. Müraciət etmək istəyən şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə də [email protected] elektron poçt ünvanına CV yollaya bilərlər. Maraqlanan şəxslər seçdikləri peşənin adını elektron məktubun mövzu bölməsində qeyd edə bilərlər”.

Sputnik Azərbaycan işsizlər üçün ödənişsiz peşə hazırlığı kurslarına qəbul prosesi ilə maraqlanıb. Məlum olub ki, peşə hazırlığına ödənişsiz yiyələnmək və ayda 250 manat təqaüd almaq üçün mütləq həmin şəxs işsiz olmalı, VÖEN hesabı və adına pay torpağı olmamalıdır. Bundan əlavə, işsiz şəxs qeydiyyatda olduğu rayon üzrə Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçməli, ona təklif olunan iş yerlərindən imtina cavabı gəlməlidir. Yalnız bu halda həmin şəxs pulsuz peşə hazırlığına cəlb olunaraq ayda minimum əmək haqqı məbləğində təqaüd ala bilər. Kursu bitirdikdən sonra isə işlə təmin olunur.




Son xəbərlər
Digər xəbərlər