6 C
Baku
Saturday, February 24, 2024

Azərbaycana ərəb turistlərin səfərlərinin sayı azalıb

Son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə marağının artması müşahidə olunur.

Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, yay aylarında da Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayında azalma tendensiyası davam edib. Bütövlükdə, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 37.4 faiz artaraq 1 milyon 143 minə çatıb. Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illərlə müqayisədə dəyişiklik müşahidə olunur: avropalıların sayının artması, ərəb turistlərinin səfərlərinin azalması qeydə alınıb. Belə ki, bu müddətdə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olub. Ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. Avropadan gələnlərin sayının artması isə işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır.

“Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağının artması müşahidə olunur. Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”, – deyə ekspert qeyd edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər