22 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanda kredit təşkilatları üçün kapital tələbində kəskin fərq normaldırmı?

Təxminən 10 il bundan əvvəl Azərbaycanda banklar üçün kapital tələbi 5 dəfə artırılaraq 10 milyon manatdan 50 milyon manata çatdırıldı.

Azərbaycan Mərkəzi Bankı o vaxt qərarını bank sektorunun daha yaxşı kapitallaşması, bununla da, mümkün risklərdən qaça bilməsi istəyi ilə izah edirdi.

Banklara qarşı tələbin sərtləşdirilməsi ilə onların yarısı bazarı tərk etməli oldu, eyni zamanda banklarla bank olmayan kredit təşkilatları (BOKT) arasında kapital tələbi baxımından böyük uçurum yarandı. Əgər bu gün bank yaratmaq istəyən şəxs azı 50 milyon manat nizamnamə kapitalı ilə fəaliyyətə başlamalıdırsa, BOKT üçün bu tələb 167 dəfə az – 300 min manatdır. Kredit ittifaqı üçün minimum tələb isə simvolik məbləğdə – cəmi 4 min manatdır. Bəs kredit təşkilatları üçün kapital tələbində bu cür kəskin fərq olması normaldırmı?

“Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyir ki, BOKT və kredit ittifaqları sistem əhəmiyyətli maliyyə qurumları deyil, odur ki, onlara qarşı kapitalı tələbinin az olması təbiidir: “Banklar BOKT və kredit ittifaqlarından fərqli olaraq əhalidən böyük məbləğdə vəsait cəlb edirlər və hansısa bankın müflis olması bütün maliyyə sektoruna mənfi təsir edir. Odur ki, bankların kapitalı çox olmalıdır. Mikromaliyyə qurumlarının əllərindəki pullar isə ya öz səhmdarlarının (təsisçilərinin) vəsaitləridir, ya da yerli və xarici investisiya şirkətlərindən cəlb olunub. Bu növ kredit təşkilatları öz risklərini əhali bölüşmür və onların müflis olmasının maliyyə sektoruna təsiri olmur. Yəni, kapital tələbləri kredit təşkilatlarının daşıdıqları risklərə görə fərqlənir və normaldır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da kapital tələbinin kəskin fərqlənməsini kredit təşkilatlarının öhdəlikləri ilə əlaqələndirir: “Banklar BOKT və kredit ittifaqları ilə müqayisədə daha çox öhdəliklərə malikdirlər, xüsusilə ölkə vətəndaşlarından cəlb etdikləri vəsaitlərə görə məsuliyyət daşıyırlar. Bankların dövriyyələri də mikromaliyyə qurumları ilə müqayisədə böyükdür. Odur ki, kapital tələbində kəskin fərq olması təbiidir”.

Deputatın fikrincə, mikromaliyyə qurumlarına qarşı kapital tələbini artırmaqdansa, onların fəaliyyətinin genişləndirilməsinə, ölkənin iqtisadi inkişafında rolunun artırılmasına çalışmaq lazımdır: “Bu gün banklar maliyyə sektorunda dominant mövqedədir. BOKT və kredit ittifaqlarının fəaliyyəti, onların dövriyyələri və əhatə etdikləri coğrafiya məhduddur. Mikromaliyyə qurumları daha çox regionlarda, ucqar kəndlərdə kreditə olan tələbi ödəməyə çalışırlar. Onların səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Xüsusilə kredit ittifaqları onlardan gözlənilən nəticəni vermir. Bu növ kredit təşkilatlarının statusu yenidən müəyyənləşdirilməlidir”.

Maliyyə bazarı üzrə ekspert Xalid Kərimli də deyir ki, BOKT və kredit ittifaqları depozit cəlb etmədikləri üçün iqtisadiyyat üçün böyük risk yaratmır: “Bunun üçün də onlara qarşı kapital tələbi banklardan xeyli azdır. Bankların isə riski böyükdür, onlara qarşı tələblər sərt olmalı, bu növ kredit təşkilatları ciddi nəzarət altında saxlanılmalıdır”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, banklarla mikromaliyyə qurumları arasında kapital tələbində kəskin fərq birdən-birə ortaya çıxmayıb: “Banklar BOKT və kredit ittifaqlarına baxanda daha sürətlə böyüyüblər, aktivlərini, o cümlədən balans kapitallarını xeyli artıra biliblər. Son nəticədə tənzimləyici qurum qərar verib ki, onlara qarşı kapital tələbi artırılsın. Mikromaliyyə qurumları isə çox zəifdir. Onların bəzilərinin kredit portfeli heç nizamnamə kapitalları qədər deyil. Odur ki, BOKT və kredit ittifaqlarına qarşı böyük kapital tələbi qoymaq məntiqli deyil. Xüsusilə kredit ittifaqları faktiki olaraq fəaliyyət göstərmir. Bu növ maliyyə institutu Azərbaycanda inkişaf etməyib. Böyük ehtimalla yaxın gələcəkdə ölkədə kredit ittifaqı qalmayacaq və bu cür vəziyyətdə kapital tələbini artırmaq vacib deyil”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər