13 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda sığorta şirkətləri 2 ildə ən azı bir dəfə yoxlanacaq

Sığorta şirkətlərində aparılacaq yoxlamaların növləri məlum olub.

 Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiq etdiyi “Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası”nda əksini tapıb.

Palata tərəfindən nəzarət subyektlərində dövriliyinə görə növbəti və növbədənkənar, əhatə dairəsinə görə isə tematik və hərtərəfli səyyar yoxlamalar aparılır. Növbəti yoxlama hərtərəfli, növbədənkənar yoxlama isə hərtərəfli və ya tematik olur. Hərtərəfli (kompleks) yoxlama nəzarət subyektinin ümumi vəziyyətinin, habelə onun fəaliyyətinin sığorta qanunvericiliyinə uyğunluğunu müəyyən etmək üçün sığorta fəaliyyətinin bütün sahələrini əhatə edən yoxlama, tematik (məqsədli) yoxlama nəzarət subyektinin fəaliyyətinin sığorta qanunvericiliyinə uyğunluğunu müəyyən etmək üçün sığorta fəaliyyətinin bir və ya bir neçə sahəsini əhatə edən yoxlamadır.

MBNP tərəfindən nəzarət subyektinin növbəti yoxlanılması Palatanın müəyyən etdiyi qrafik üzrə 2 ildə bir dəfədən az olmayaraq aparılır. Növbəti il üçün növbəti yoxlamaların qrafiki hər il noyabr ayının 30-dək Palatanın İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir. Palata tərəfindən növbədənkənar yoxlama aşağıdakı hallarda aparılır:

– nəzarət subyektinin maliyyə sabitliyi, o cümlədən ödəmə qabiliyyəti göstəricilərində azalma müşahidə edildikdə;

– maliyyə ilinin yekununa görə nəzarət subyektinin balans üzrə zərəri yarandıqda;

– təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların real xüsusiyyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə;

– Qanuna əsasən verilmiş təqdimatların və ya sanksiyaların icra vəziyyətinin yoxlanılması məqsədilə (bu halda Palata müvafiq təqdimatın və ya sanksiyanın icrası üçün müəyyən edilmiş son tarixdən etibarən 60 iş günündən gec olmayan müddətdə yoxlamaya başlayır);

– daxil olan şikayət(lər) və qanunazidd əməliyyatlar haqqında mənbəyi məlum olan məlumatlarla bağlı halların yerində yoxlanılması məqsədilə;

– Qanuna əsasən verilmiş təqdimata və ya sanksiyaya səbəb olmuş hallar, həmin təqdimat və ya sanksiyanın verildiyi tarixdən 2 il ərzində yenidən aşkar edildikdə;

– sığorta qanunvericiliyinin yerinə yetirilməsi və ya hər hansı təcrübənin tətbiqi vəziyyətinin araşdırılması məqsədilə sığorta bazarı üzrə ümumi monitorinq keçirildikdə;

– sağlamlaşdırma planı ilə bağlı tələblərin icra vəziyyətinin yoxlanılması məqsədilə.

Bu hallardan biri və ya bir neçəsi baş verdikdə Palatanın sığorta nəzarəti funksiyasını yerinə yetirən struktur bölmənin rəhbərinin müraciəti əsasında Palatanın İdarə Heyətinin sədri tərəfindən növbədənkənar yoxlamaların aparılması barədə qərar qəbul edilir. Yoxlamalar Palatanın sığorta nəzarəti funksiyasını yerinə yetirən struktur bölmə tərəfindən həyata keçirilir. Zərurət olduqda, yoxlamaya Palatanın digər struktur bölmələrinin mütəxəssisləri cəlb oluna bilər.

Son xəbərlər
Digər xəbərlər