Azərbaycanın 2024-cü ilin ilk yarısında xaricdən idxal etdiyi kərə yağının həcmində İranın payı artmaqdadır.
Banker.az xəbər verir ki, hesabat müddətində ölkənin xaricdən aldığı kərə yağının həcmi 13.13 min ton olmaqla ($68.75 mln.) öncəki ili 61% üstələyib.
Bununla belə, Azərbaycan illərdir daha çox üstünlük verdiyi Yeni Zelandiya yağının idxal həcmini cüzi artırsa da, İrandan idxalı daha kəskin artırıb. Yeni Zelandiyadan idxal keçən yarımildə illik müqayisədə 5% artmaqla 3.37 min tona ($20.85 mln.) yüksələrkən, İrandan idxal isə 155% artımla 7.94 min tona ( $35.8 mln.) yüksəlib.
Bununla da, Yeni Zelandiya Azərbaycanın kərə yağı bazarında mövqeyini İranla dəyişməli olub.
Azərbaycanın kərə yağı tədarükündə İran ən ucuz bazardır. Məsələn, bir kiloqram kərə yağı İrandan orta statistik olaraq 4.51 dollara idxal olunur. Eyni göstərici Yeni Zelandiya üçün 6.19 dollardır.