10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın tədiyə balansındakı profisit kəskin düşüb

2024-cü ilin ilk rübündə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 116 milyon ABŞ dolları təşkil edib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29.8 dəfə azdır.

Rüblük profisit ölkənin cari əməliyyatlar balansındakı 1 milyard 729.8 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 48.8 % az), kapital hesabındakı 0.7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl profisit olub), maliyyə hesabındakı 1 milyard 594.5 milyon dollarlıq kəsir (1 il bundan əvvəl profisit olub), balanslaşdırıcı maddələr üzrə 18.6 milyon dollarlıq kəsir (66 dəfə az) hesabına formalaşıb.

Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 1 milyard 729.8 milyon ABŞ dolları profisit yaranıb.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48.8 % azdır.

Rüblük profisit xarici ticarət balansındakı 2 milyard 669.4 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 43.45 % az), xidmətlər balansındakı 552.1 milyon dollarlıq kəsir (19.6 % az), ilkin gəlirlər balansındakı 566.4 milyon dollarlıq kəsir (40.75 % az) və təkrar gəlirlər balansındakı 178.9 milyon dollarlıq profisit (40 % az) hesabına formalaşıb.

Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in profisiti əvvəlki ilə nisbətən 28.2 % azalaraq 3.6 milyard ABŞ dollarına düşüb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 12.8 % artaraq 1.9 milyard ABŞ dollarına çatıb.

S.Nəsirov həmçinin qeyd edib ki, yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına 1.5 milyard ABŞ dolları birbaşa xarici investisiya qoyulub, Azərbaycanın xarici ölkələrə birbaşa investisiya qoyuluşlarının repatriasiyası isə 1.9 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər