30 C
Baku
Thursday, May 30, 2024

Azərbaycanın xariclə xidmətlər balansındakı kəsr azalaraq $2.3 mlrd.-a düşüb

2023-cü il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 14.9 mlrd. dollar təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyə balansına dair hesabatında bildirilir.

Bunun 8.6 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 6.3 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 13.5% azalaraq 2.3 mlrd. dollar olub.

Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 2.1 mlrd. dollar (4.0% artım) olmuşdur. Qeyri neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 272.6 mln. dollar (61.9% azalma) olub.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 31.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4.6 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 62.5%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.9 mlrd dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.7 mlrd dollar təşkil etmişdir.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.n. 5.1%, idxalı isə 6.9% azalmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2023-cü ildə 29.7% artaraq 1.2 mlrd dollara yüksəlmişdir. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ildə 0.9 mlrd dollar olmuşdur. 2023-cü ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54.0% artaraq 2.6 mlrd dollar təşkil etmişdir.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1.5 mlrd dollar) idxalı (1.1 mlrd dollar) üstələməsi nəticəsində 342 mln dollar həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25.5%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 30.2% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.1 mlrd dollar olmuşdur. Bunun 75.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal istisna olmaqla). Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 24.3% azalaraq 36.6 mln dollar təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 30.9% artaraq 1.4 mlrd dollar olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər