“Azərbaycan Mərkəzi Bankı (AMB) gündəlik dəyişiklikləri nəzərə alaraq zərurət yaranarsa, valyuta bazarına müdaxilə edəcək”.
Bunu “Fitch” beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında AMB-nin Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov deyib.
Onun sözlərinə görə, AMB-nin valyuta bazarındakı iştirakı istisna olunmur, lakin bu iştirak çox az və məhdud sayda olacaq. “Mərkəzi bank olaraq məzənnənin valyuta bazarındakı tələb və təklifdən asılı olmasına şərait yaradacağıq. İqtisadiyyatın digər sektorlarındakı tədbirlər də məzənnəyə təsir edəcək. Qeyri-neft sektorunda tədiyyə balansında da əhəmiyyətli yaxşılaşma görürük. Biz turizm xidmətləri balansında da müsbət saldoya nail olmuşuq. Kapital hesabında da müsbət saldo var. Partnyor ölkələrdə iqtisadi vəziyyətin yaxşılaşması valyuta daxilolmalarına müsbət təsir göstərir. Bütün bu tendensiyalar valyuta bazarına təsir edəcək. Fiskal qaydalara keçiddən sonra Dövlət Neft Fondunun valyuta təklifi illər üzrə daha stabil olacaq. Bu vaxta qədər fondun təklifləri həmişə dəyişkən olub. Fiskal qaydaların tətbiqindən sonra bu təklif stabil olacaq. Nəticə etibarilə məzənnə qeyri-neft sektoru üzrə valyuta daxilolmaları və xaricolmalarından asılı olacaq”.
©APA