Azərbaycan beş ölkəyə fındıq və konservləşdirilmiş məhsullar ixrac edəcək.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən .Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilmiş “Gulfood 2020” beynəlxalq qida sərgisi başa çatıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə Azərbaycanın 20 şirkəti məhsullarını təqdim edib. Azərbaycan məhsulları, xüsusilə fındıq, nar şirəsi və müxtəlif çeşiddə şirniyyatlar sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi çərçivəsində Azərbaycan şirkətləri ilə xarici tərəfdaşlar arasında görüşlər keçirilib, ixraca dair müzakirələr aparılıb. Azərbaycanın “AHEC” və “AZHAZELNUT” şirkətləri Misir, Pakistan və İtaliyadan olan şirkətlərlə fındıq məhsulunun ixracına, “Az-Granata” və “BakuKonserv” şirkətləri Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan şirkətlərlə konservləşdirilmiş məhsulların ixracına dair razılıq əldə edib. / azvision.az