Azərbaycan məhsulları İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlində yanvarın 18-27-də keçirilmiş “Beynəlxalq Yaşıl Həftə-2019” sərgisində nümayiş olunub.
Nazirlikdən verilən məlumata görə, sərgidə şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və s. sahələrdə fəaliyyət göstərən 14 Azərbaycan şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edilib.
Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Belə ki, Azərbaycanın “Herba Flora” şirkəti Almaniyanın “Herbacon GmbH” və Tramontabio” şirkətləri ilə müalicəvi çayların ixracına, “Babək Sirab” ASC şirkəti və Qətərin “Dandy Company Ltd” şirkəti arasında mineral suların ixracına dair razılığa gəliblər.