Müəllif: Xalid Mürşüdov, iqtisadçı
Azərbaycan Bank sisteminin ilkin inkişafı hələ XIX əsrin ikinci yarısından başlamışdır.
Lakin, Azərbaycan Respublikasının bank sisteminin institusional və hüquqi quruculuğu 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsindən sonra başlamışdır. 1992-ci ildə “Azərbaycan Respublikasının Milli bankı” və “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunların qəbul olunması ilə bank sisteminin hüquqi-normativ bazasının əsası qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikası bank sisteminin yaradılması və inkişafının birinci mərhələsi bank bazarına daxilolmanın liberal şərtləri ilə müşaiyət olunmuşdur. Azərbaycan Respublikası prezidentinin 10 yanvar 1992-ci il tarixli fərmanına əsasən keçmiş SSRI Xarici Əlaqələr Bankı Azərbaycan Respublikası Kontoru bazası əsasında Azərbaycan Beynəlxalq Bankı yaradıldı.
Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə olduğu kimi Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini təşkil edir. Müstəqil kommersiya banklarından 4-ü əsasən dövlət mülkiyyətinə əsaslanırdı. Onların nizamnamə kapitalının 51 %-i, yaxud nəzarət paketi dövlətə məxsus idi. Bunlara aşağıdakılar aiddir:
1. Azərbaycan Respublikası Aqrar Sənaye Səhmdar Kommersiya Bankı.
2. Azərbaycan Respublikası Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankı.
3. Azərbaycan Respublikası Əmanət Kommersiya Bankı.
4. Azərbaycan Respublikası Beynəlxalq Səhmdar Kommersiya Bankı.
Azərbəycan Respublikası prezidentinin 11 fevral 1992-ci il tarixli fərmanı ilə keçmiş SSRI Dövlət Bankı, Sənaye-Tikinti bankı və Aqrar-sənaye bankı Azərbaycan Respublikası kontorları bazası əsasında Azərbaycan Milli Bankı və keçmiş SSRI Əmanət Bankı Azərbaycan Repsublikasının kontoru bazası əsasında isə Azərbaycanın Əmanət bankı təşkil edildi.
1992-ci ilin fevral ayından avqust ayına qədər sənaye-tikinti Bankının və Aqrar-sənaye bankının müəssisə və şöbələri bilavasitə Azərbaycan Milli Bankının tabeçiliyinə verilmişdir.
Respublikamız müstəqillik əldə etməklə bazar əsasında inkişaf edən ölkələrin təcrübəsinə uyğun olaraq Milli bazar yaradıldı. Bu dövrdə bankların strukturları deyil, kredit münasibətlərində də dəyişiklik edildi.
Beləliklə, ikipilləli bank sistemi formalaşmış oldu. Birinci pillədə Milli Bank, ikinci pillədə kommersiya bankları dururdu. Bundan sonra Aqrar-Sənaye Bankı və Sənaye – investisiya Bankı Milli bankın tərkibindən çıxarılaraq, Birləşmiş Universal Səhmdar kommersiya bankına çevrildi. Azərbaycan Respublikasının Əmanət Bankı və Beynəlxalq Bankı Azərbaycan Miili Məclisinin müvafiq qərarına əsasən respublika səhmdar kommersiya bankları kimi fəaliyyət göstərməyə başladılar. Daha sonra 1993-cü ildə Azərbaycan Respublikasının aqrar-sənaye bankının, sənaye investisiya bankının, Əmanət bankının və Beynəlxalq Bankın tamamilə səhmdar kommersiya banklarına çevrilməsi prosesi başa çatdırıldı. Həmin bankların nəzarət səhm paketi Maliyyə Nazirliyinin timsalında Azərbaycan hökumətinə məxsus idi. Səhmlərin qalan 49%-i isə müxtəlif hüquqi və fiziki şəxslər arasında bölüşdürülmüşdür. Azərbaycanda mərkəzi banka dair qanunda Milli Bank dünyanın müstəqil bankları kimi fəaliyyətə başladı. Bu qanunlar qəbul edildikdən sonra Milli Bankın ilk sədri təyin edildi. Bank sisteminin müstəqilliyi ilə yaranan imkana uyğun olaraq respublikamızın milli valyutası olan “manat” dövriyyəyə buraxıldı (1992) və Milli Bankda onun dəyərinin qorunması üçün tədbirlər həyata keçirilməyə başlandı.
Qeyd etmək lazımdır ki, Azərbaycanda bazar iqtisadiyyatı təmayüllü bank sistemi yaradılmağa başlandığı dövrdə gərgin siyasi şərait və iqtisadiyyatda ağır pozulmalar gedirdi. Bunlar bank sisteminin fəaliyyətini çətin bir vəziyyətə salmışdı. Bunun nəticəsində respublikada bank sistemində təşkilatı və idarəetmə prinsipləri pozulmuş və bütövlükdə bank xidməti sosial-iqtisadi inkişafın tələblərinə cavab verməmişdi. Bankların fəaliyyəti dövlətin irəli sürdüyü iqtisadi siyasətin həyata keçirilməsinə deyil, bilavasitə digər məqsədələrə istiqamətləndirilmişdi. Bununla yanaşı bankların müstəqil siyasət yeritmək səlahiyyətləri təmin edilmiş və onlar dövlət mənafeyindən irəli gələn məqsədələrə vaxtında xidmət etməmişlər.
Bank işi zəif hüquqi bazaya əsaslanmış və keçmiş dövrün qanunvericilik aktlarının tələb və prinsiplərinə uyğun idarə olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, dünya ölkələrində məlum olan çoxsaylı bank əməliyyatlarından respublikada yalnız bir neçəsi icra olunur.
Bunlarla yanaşı respublikada Əmanət bankı sistemində də ciddi nöqsanlar və pərakəndə idarəetmə vəziyyəti mövcud olmuşdur. Belə ki, Əmanət bankları əhalidən qəbul edilmiş əmanətləri qeyri-səmərəli və məsuliyyətsiz formada idarə etmiş və həmin əmanətlərin vaxtında faizlə qaytarılması üzrə qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmuşdur.
Bu səbəbdən bir neçə illər ərzində əhalinin Əmanət banklarına etibar etdikləri əmanətlər qiymətdən düşmüş və yararsız pul ehtiyatına çevrilmişdir. Nəticədə, Əmanət Bankı öz mahiyyətini itirmişdir, aparılan islahatlar nəticəsində bank sisteminin fəaliyyətində mövcud olan nöqsan və çatışmamazlıqlar zəif pərakəndə idarəetmə vəziyyəti nisbətən aradan qaldırılmış və onların işində xeyli təkmilləşdirmə aparılmışdır.
Respublikada müasir bank sistemində baş verən əsaslı dəyişiklikləri aşağıdakı kimi qruplaşdırmaq olar:
• Bank sistemində aparılan əsaslı islahatlar dövlət və kommersiya banklarının hüquqlarını və məsuliyətini daha da artırmış və onların tənzimləmə mexanizmi nisbətən güclənməsidir;
• Əhalidə və müxtəlif strukturlarda mövcud olan sərbəst pul vəsaitlərinin banklar tərəfindən səfərbər edilməsində dönüş baş vermiş və ciddi təminat yaranmışdır;
• Pul tədavülünün tənzimlənməsində bankların rolu və idarəetmə funksiyaları artmışdır;
• Respublikada xarici ölkə bankları ilə rəqabət əparmaq gücünə malik müştərək bankların yaradılmasına üstünlük verilmişdir;
• Milli Banka sərbəst pul-kredit siyasəti yeritmək və dövriyyəyə pul buraxmaq hüququ verilmişdir.
• Bankların yeni fəaliyyət növləri ilə məşğul olmaq, qiymətli kağızlarla əməliyyatlar aparmaq, fizinq, faktorinq və s. əməliyyatlara qoşulmaq imkanları genişlənmişdir. Yəni banklar öz fəaliyyətində bank resurslarının tərkibinə pul vəsaitləri, əmtəə-maddi qiymətlərlə yanaşı qiymətli kağızları daxil edir;
• Respublikada qiymətli kağizlar bazarının təşkil olunmasında bütün növ bankların rolu artırılmış və bu istiqamətdə alman modelinə üstünlük verilmişdir və s.
10 iyun 1996-cı üdə Milli Məclis tərəfindən qəbul olunmuş “Milli Bank haqqında” Azərbaycan Respublikası qanununda pul-kredit siyasətini həyata keçirmək məqsədilə məcburi bank ehtiyatlarının normaları müəyyənləşirilmiş və onun əmələ gəlmə mənbələri göstərilmişdir. Həmin qanunda məcburi ehtiyatların yaradılması, normaların müəyyən olunması, kreditor təşkilatlarla əmanətçilər arasında öhdəliklərin tənzimlənməsi və məcburi ehtiyatların saxlanılması qaydaları və s. öz əksini tapmışdır.