Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun görüşü keçirilib.
Banker.az ABA-ya istinadən xəbər verir ki, görüşdə Vergilər Məcəlləsinə fiziki şəxslər olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə müəssisələrində nağd və nağdsız ödənişlər zamanı ƏDV məbləğinin müəyyən qisminin geri qaytarılmasına dair edilən əlavə dəyişikliklər müzakirə edilərək, bu dəyişikliklərin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, 2018-ci il üzrə aparılan əməliyyatlardan irəli gələrək MCC kodlar üzrə son siyahının Vergilər Nazirliyinə təqdim edilməsi razılaşdırılıb. Həmçinin Mərkəzi Bank tərəfindən təcili ödənişlər sisteminin istismara verilməsi müzakirə edilərək aidiyyəti sualların Mərkəzi Banka ünvanlanması qərara alınıb.
Görüşdə Banklararası Kart Mərkəzi tərəfindən təqdim edilən hesabatlılıq formalarının təkmilləşdirilməsi və bu məqsədlə banklara aidiyyəti müraciətin ünvanlanması da qərara alınıb.