21 C
Baku
Saturday, November 2, 2024

Azərbaycan bankları niyə dollar almaqdan imtina etdi?

Azərbaycan Mərkəzi Bankında (AMB) sonuncu valyuta hərracı baş tutmayıb. İkinci dəfədir ki, respublika bankları xarici valyutanın alınması üçün müraciət etməyiblər. Əvvəlki hərracda (yanvarın 19-da) xarici valyutaya tələb var idi – o, cəmi 1,5 milyon dollar təşkil edib və tam təmin olunub.

Beləliklə, Mərkəzi Bankın təşkil etdiyi son iki valyuta hərracında banklardan müraciət olmayıb. Bu, o deməkdir ki, heç bir bank hərraca çıxarılan dolları almaqda maraqlı olmayıb.

Mövzuya dair suallarını bank-maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov cavablandırıb.

akram hasanov ekrem
Əkrəm Həsənov

– Kommersiya bankları niyə xarici valyutadan imtina etdi və dollara tam olaraq tələbin olmaması ilə bağlı rəsmi versiyaya inanmaq olarmı?

– İki variant var: Ya bankların həqiqətən də xarici valyutaya ehtiyacı yoxdur, yəni, tələb azalıb. Nəzərə almaq lazımdır ki, valyutanı əhali və ya biznes onlardan alır. Və tələbin həqiqətən də sıfıra düşdüyünü birmənalı qəbul etsək, belə çıxır ki, banklar əhalidən, sahibkarlardan aldıqları dollarla kifayətlənir. Eyni zamanda, əhalinin və biznesin valyutanı getdikcə daha az satdığı aydındır. Tələbat bu qədər azala bilərdimi? Ölkədə iqtisadi aktivlik həqiqətən də aşağı düşüb, amma məncə, o qədər də deyil. Bundan əlavə, burada xarici kontragentlərlə əməliyyatlar üçün valyutaya ehtiyacı olan xarici biznes var. Ona görə də baş verənlər bir az qəribə görünür. Amma bu, rəsmi versiyadır.

İkinci və daha inandırıcı izahat isə inzibati resursdur. Sadəcə olaraq banklara deyilib ki, dollar almaq təklifi etməsinlər və ya daha aşağı tələblər təqdim etsinlər. Son aylar bankların hərraclara müraciətləri az idi, indi isə ümumiyyətlə dayanıb.

– Dollara ehtiyac yoxdursa, o zaman niyə kommersiya banklarında valyuta alışına məhdudiyyət qoyulub?

– Bu, onu deməyə əsas verir ki, banklara hərraclarda sifariş verməmək barədə göstəriş verilib. Bundan başqa, məlumdur ki, dollar satışına məhdudiyyət mərkəzləşdirilmiş qaydada tətbiq edilib və banklar bütün məsuliyyəti öz üzərlərinə götürüb. Və məlum oldu ki, birdən-birə ölkənin bütün 25 bankı öz bizneslərinin ziyanına gedərək, rəqiblərlə birləşərək limitdən artıq satışı dayandırıb. Deməli, biz indi iki oxşar vəziyyət görürük. Tamamilə mümkündür ki, dollar alışı ilə bağlı sifarişlər zamanı banklara bunu etməmək əmri verilib. Yəni: “müraciət etməyin və deyin ki, bizə dollar lazım deyil”.

Bu fikri həm də biznesdən və əhalidən dollar alışının yüksək qiyməti dəstəkləyir. Bankların saytlarında alış qiyməti 1,69-dan da yüksəkdir, halbuki, 1,68 – 1,67 və daha aşağı olmalıdır. Çünki, indi banklar Mərkəzi Bankdan da dolları 1.70-ə alırlar – əhalidən demək olar ki, eyni məzənnə ilə. Əgər valyuta, bankların dediyi kimi, onlara lazım deyilsə, onu yüksək məzənnə ilə niyə almaq lazımdır? Deməli, bankların dollara ehtiyacı var, amma Mərkəzi Bankdan onu ala bilmirlər.

– Sabit yüksək neft qiymətləri şəaritində dövlətin bu addım nəyinə lazımdır?

– Bizim qeyri-şəffaf iqtisadiyyatımız və idarəetmə sistemimizlə birmənalı nəticələr çıxarmaq çətindir. Amma güman etmək olar ki, dövlət nədənsə valyuta ehtiyatlarına qənaət etmək qərarına gəlib və kimsə belə bir qərar verib. Yeri gəlmişkən, banklarda dollar satışına məhdudiyyət də eyni səbəbdən qoyulub. Dollara tələbin olmadığını desələr də, limit ləğv edilmir. Və tələb yoxdursa, niyə limit qoyulur? Eyni zamanda, hökumət xarici valyuta satışını məhdudlaşdırdığını və bankların arxasında gizləndiyini etiraf etmək istəmir. İndi cəmiyyəti narahat etməmək üçün təklif edirlər ki, ümumiyyətlə dollara tələbat yoxdur.

Ola bilsin ki, belə bir qərarla biznes son vaxtlar deyək ki, “adi olmayan” insanların idarə etdiyi “qara” valyuta bazarına göndərilir. Və panikaya düşməmək üçün bildirirlər ki, tələb yoxdur, hər şey qaydasındadır. Mən demirəm ki, indi dövlətin valyuta ilə bağlı problemləri var. Neftin qiyməti yüksəkdir, bütün bu müddət ərzində valyuta ehtiyatları artır. Ancaq gələcəkdə bəzi problemlər və ya xərclər üçün bəzi mənfi gözləntilər ola bilər. Ona görə də nəyin bahasına olursa-olsun, valyuta ehtiyatlarına qənaət etmək qərarına gəlinib. “Baharın on yeddi anı”ndan bir epizodu xatırlayın, Müllerin “Qeyri-peşəkarın məntiqini başa düşmək mümkün deyil” kəlamı. Bax, biz də indi bu vəziyyətdəyik. Qərarları qeyri-peşəkarlar verir.

Mənbəayna.az
Son xəbərlər
Digər xəbərlər